Metroda ölümlərə SON: Arakəsmələrdən istifadə olunacaq? - RƏSMİ
Cəmiyyət
04.10.2024 15:55
Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Bakı metrosunda sərnişinlərdən biri metronun “28 May”, digəri isə "Ulduz" stansiyasında qatar yoluna düşüb. Birinci ölsə də, digərinin həyatını xilas etmək mümkün olub.
Xatırladaq ki, analoji hal bundan öncə də dəfələrlə yaşanıb. Hadisə Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Məlumat üçün qeyd edək ki, dünyanın bir neçə ölkəsində belə hadisələrin qarşısını almaq üçün metroda “platforma təhlükəsizlik qapısı” praktikasından, şüşə arakəsmələrdən istifadə olunur. Bu zaman sərnişinlər sadəcə vaqona daxil olarkən qatarın qapı hissəsindəki şüşələr açılır və qəza riski minimuma enir.
Bəs bu praktika ölkəmizdə niyə reallaşdırılmır?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, bu məsələ geniş şəkildə araşdırılıb və Bakı Metropolitenin diqqətində saxlanılır:
“Məsələnin bir neçə tərkib hissəsi var. Bu üsülun böyük sərnişin sıxlığı olan stansiyalarda tətbiqi üçün platforma səviyyəsində gücləndirmə işi aparılmalıdır. "Bakı Metropoliteni"nin infrastrukturunda hər hansı kənar müdaxiləyə qətiyyən yol verilmir. Ona görə bu məsələ əvvəlcə layihələndirilməlidir. Bundan əlavə bütün stansiyalarda qatarların qapılarının paralel olaraq eyni vaxtda maneəsiz açılıb-bağlanmasını təmin edən sistemlər quraşdırılmalıdır. Bu sistemlərin quraşdırılması ilk növbədə böyük maliyyə vəsaiti tələb edir”.
Onun sözlərinə görə, artıq şüşə platforma qapıları quraşdırılacaqsa, 28 May kimi stansiyalarda platformanın yük götürmə qabiliyyətinə uyğun olaraq bir sıra tədbirlərin görülməsi vacibdir:
“Çünki “Bakı Metropoliteni”ndə hər bir məsələ sərnişin təhlükəsizliyinin elementi olaraq araşdırılır. Bu xüsusda məsələn, tuneldə hər stansiyada havalandırma sistemləri var. Sözügedən üsul tətbiq edilərsə, qatarın hərəkətindən də yaranan təbii hava axınının idarə olunması məsələsi gündəmə gələcək. Bu da digər müvafiq tədbirlərin görülməsini tələb edəcək. Gördüyünüz kimi bu kifayət qədər mürəkkəb və böyük maliyyə vəsaiti tələb edən məsələdir”.
Qurum rəsmisi sonda qeyd edib ki, hazırda “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı şəraitində texniki və insan resursları baxımından mümkün addımların hər biri əsas prioritet olaraq həyata keçirilir. Lakin “platforma təhlükəsizlik qapısı” praktikasının tətbiqi hələlik gündəmdə deyil.
Günəş Mərd
tag: Bakı Metropoliteni ,Sərnişinlər ,Platforma ,Praktika ,Şüşə Qapılar ,todaypress.az,
![photo](/uploads/news/66ffd67715ad2.jpg)