Məktəblilər məcburi narkotik testindən keçəcək? – MÜHÜM AÇIQLAMA
Məktəblərin yuxarı sinif şagirdlərinin, kollec və universitet tələbələrinin narkotik testindən keçirilməsi məsələsi hazırda müzakirə olunan əsas mövzulardan biridir.
Təhsil eksperti Kamran Əsədov bu barədə TodayPress-ə danışarkən bildirib ki, bunda məqsəd gəncləri narkotik asılılığından qorumaq, erkən müdaxilə imkanlarını artırmaq və təhlükəli meyllərin qarşısını vaxtında almaqdır.
Onun sözlərinə görə, bu kimi tədbirlər yalnız niyyətlə deyil, hüquqi, etik və pedaqoji çərçivədə həyata keçirilməlidir. Xüsusilə, narkotik testləri ilə bağlı məsələyə yanaşma balanslı və əsaslandırılmış olmalıdır:
“Bu addım gənclərin sağlamlığının qorunması baxımından vacib sayıla bilər. Amma unutmaq olmaz ki, məktəb və universitetlər nəzarət və cəza orqanı deyil, tərbiyə və inkişaf mərkəzidir. Əgər bu proses hüquqi və etik çərçivədən kənara çıxarsa, şagirdlər və tələbələr arasında etimadsızlıq və qorxu mühiti yarana bilər”.
Ekspert qeyd edib ki, mövcud qanunvericilikdə, “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalanların sağlamlığının qorunması və zərərli vərdişlərdən çəkindirilməsi nəzərdə tutulsa da, narkotik testlərinin məcburiliyi ilə bağlı konkret müddəa yoxdur. Bu isə insan hüquqları və fərdi toxunulmazlıq baxımından hüquqi əsas tələb edir. Onun fikrincə, belə testlər yalnız könüllülük, şəffaflıq və etik qaydalar əsasında icra edilməlidir.
Kamran Əsədovun sözlərinə görə, testlərin yanlış şəkildə tətbiqi psixoloji və sosial travmalara yol aça, gənclərin cəmiyyətdən təcrid olunmasına səbəb ola bilər. Bu isə ilkin məqsəd olan “qoruma və dəstək” prinsipinin əksinə, “damğalama və kənarlaşdırma” nəticəsi doğura bilər.
Ekspert hesab edir ki, bu sahədə daha effektiv yanaşma – psixoloji xidmətlərin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin artırılması və sosial-psixoloji müdaxilə proqramlarının tətbiqidir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2023-cü il hesabatına əsasən, narkotiklə mübarizədə ən təsirli vasitə fiziki yoxlama deyil, psixososial gücləndirmə və davranış yönümlü təlimlərdir.
"Əgər testlər hüquqi və etik çərçivədə, könüllü şəkildə və psixoloji dəstək proqramları ilə yanaşı tətbiq olunarsa, bu, narkotik riskini vaxtında aşkar etməyə və qarşısını almağa kömək edə bilər. Valideyn və müəllimlərin məsuliyyəti artar, risk qrupuna erkən müdaxilə imkanı yaranar. Lakin bu proses məcburiyyətə, cəzaya və kütləvi yoxlamaya çevrilərsə, təhsil sistemi inamsızlıq, psixoloji gərginlik və hüquqi pozuntularla üzləşə bilər".
Onun fikrincə, təhsil sistemi nəzarətə deyil, etimad və maarifləndirməyə əsaslanmalıdır. Psixoloq ştatları artırılmalı, könüllü və hüquqi əsaslı test mexanizmi qurulmalı, valideynlərlə birgə maarifləndirmə aparılmalı, erkən xəbərdarlıq sistemləri tətbiq olunmalıdır.
Onun sözlərinə görə, məktəblər nəzarət deyil, dəstək və alternativ imkanlar təqdim edən mərkəzə çevrilməlidir. Yalnız belə bir yanaşma gəncləri həqiqətən narkotik təhlükəsindən qoruya bilər. Əks təqdirdə, məqsədli tədbirlər nəticə əvəzinə yeni problemlər yarada bilər.
Türkan İsgəndərli
tag: Kamran Əsədov,Ekspert,Məktəbli,Narkotik testi,Todaypress.az,
