Məktəbli formaları ilə bağlı valideynlərə müraciət
Cəmiyyət
07.08.2024 12:43
“Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir”.
TodayPress xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən mətbuat konfransında bildirib.
O, qeyd edib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib:
“Valideynlər, xüsusilə övladları birinci sinifə gedənlər Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi”, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər”.
N. İsmayılbəyli əlavə edib ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.
O, qeyd edib ki, valideynlər bu keçid - https://shorturl.at/6ptf0 vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.
Siyahıda adlarının qeyd edilməsini istəyən digər sahibkarlıq subyektləri məntəqənin yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı [email protected] ünvanına məlumat verə bilərlər.
tag: Valideynlər, Məktəbli Forma, Nazirlər Kabineti, Təhsil,Pedoqoji Şura, todaypress.az,