"Məktəbli bazarı”nda pərakəndəlik: İşbazlar valideynlərin cibinə necə girirlər?
Cəmiyyət
03.09.2024 14:04
Yeni tədris ilinin başlanmasına az qalıb. Valideynlər övladlarına məktəbli ləvazimatları almaq üçün müxtəlif ticarət mərkəzlərinə, mağazalara üz tuturlar. Bu məqsədlə rayonlardan paytaxta gələnlərin sayı da az deyil. Lakin sentyabr ayı daxil olan kimi qiymətlər də paralel olaraq yuxarı qalxmağa başlayır.
Məsələ ilə bağlı TodayPress-ə danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, hər zaman olduğu kimi, tədris ili başlayanda biz qiymət artımlarını müşahidə edirik:
“Müəyyən ajiotaj yaranır və bir sıra işbazlar tərəfindən qiymətlər məhz mövsümə görə şişirdilir. Bunun ağrısını isə valideynlər çəkir. Buna görə də mütləq ki, bütün məktəbli geyimlərini, ləvazimatları diqqətdə saxlayıb, nəzarət edən ümumi bir qurum olmalıdır. Kimin ürəyi necə istəyirsə, elə də qiymət təyin etməyə ixtiyarı çatmamalıdır”.
Ekspertin sözlərinə görə, azərbaycanlı ailələrin əksəriyyətində 2 və ya 3 uşaq məktəbdə təhsil alır. Bu da xərcləri 2-3 qat artırır:
“Qiymətlərə nəzər salsaq görərik ki, məsələn çanta minimal olaraq 25-30 manatdan başlayır. Keyfiyyətə və bir sıra meyarlara görə isə artaraq davam edir. Orta hesabla ailədə bir uşaq təhsil alırsa, minimum 200-250 manat xərc çəkilməlidir. Uşaq sayı artdıqca, qiymət də çoxalır. Lakin sərf olunan məvaciblər bu dərəcə yüksək olmamalıdır. Biz 2-3 ay əvvələ nəzər salsaq görərik ki, indi 1 manata olan qələm, həmin dövrdə 40-50 qəpik arası olub. Həmçinin digər ləvazimatlarda da biz bu qiymət artımını müşahidə edirik. Müvafiq mövsüm ərzində qiymətləri istədikləri kimi təyin edib, elə o formada da satırlar”.
Elçin Əfəndi qeyd edib ki, bu xərclər sadəcə sentyabr ayı ilə kifayətlənmir. Növbəti dönəmlərdə də fərqli dərs kitabları, ləvazimatlar lazım olduğu üçün aylıq olaraq valideynlər bu xərci çəkməyə məcbur olurlar. Bu da büdcəyə ciddi ziyan vurur.
Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov isə TodayPress-ə verdiyi açıqlamada bildirib ki, ötən illə müqayisədə qiymətlərdə ucuzlaşma var: “Keçən il 25 manata satılan şalvar və ətəkləri bu il valideynlər 20 manata ala biləcəklər. Məktəblilərin polo köynəklərinin qiyməti isə 3 manat ucuzlaşaraq 12 manata satılacaq”.
O, qiymətin enməsinin səbəbi kimi xaricdən ölkəyə ixrac edilən saxta məktəbli formalarını göstərdi:
“Onlar ucuz qiymətə satıldığına görə valideynlər arasında çaşqınlıq yaranır. Xatırladaq ki, yerli istehsal təbii materialdan hazırlanır, 60 faizi yun, 40 faizi isə polyesterdir. Keyfiyyətli məhsulun qiyməti də sözsüz ki, daha baha olur. Lakin valideynlər qənaət psixologiyası ilə keyfiyyətsiz, amma ucuz olan formalara üz tuturlar. Bu halların qarşısını almaq məqsədi ilə qiymətləri endirdik. Həmin məhsullar bizə baha başa gəlsə də, bunu etməyə məcbur idik. Bu ticarətdir. Hər şeyi ölçüb-biçmək, ona əsasən addım atmaq lazımdır ki, məhsullar əlimizdə qalmasın”.
Töhfə Səməd
tag: Elm, Təhsil, Məktəb Ləvazimatları ,Qiymətlər, Bazar, Məktəbli Geyimləri, todaypress.az,