Məhsul və preparatların qeydiyyatının uzadılmasını AQTA həyata keçirir

Cəmiyyət

02.05.2025 14:30

14

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş məhsulların (o cümlədən yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları və təbii mineral sular), eləcə də baytarlıq preparatları, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. 

Bu barədə TodayPress-ə AQTA-dan məlumat verilib.

Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır.

Lakin bu sahədə aparılan təhlillər göstərir ki, qeydiyyat müddəti ilə bağlı qanunvericilikdə konkret tarixlər müəyyən edilsə də, hələ də bəzi sahibkarlar təkrar qeydiyyat, yaxud qeydiyyatda olan preparatların şəhadətnamələrin qüvvədə olma müddətlərinin uzadılması ilə əlaqədar vaxtında müraciət etmirlər. 

Sahibkarların diqqətinə çatdırırıq ki, Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmiş və qeydiyyat müddətləri başa çatmaqda olan preparat və məhsulların qeydiyyatı ilə əlaqədar rəsmi müraciətlərdən əvvəl müvafiq metodiki yardımların alınması, həmin preparat və məhsulların laborator sınaqlarında istifadə olunan metod, analitik standart, reaktiv, reagent, bakterioloji və virusoloji ştamm, qida mühiti, serum, etalon nümunə və s. dəqiqləşdirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlanılmalıdır.

Qeydiyyat üçün müraciət olunduqdan sonra isə zəruri materiallar preparat və məhsul nümunələri ilə birlikdə İnstituta təqdim edilməlidir. 

Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 589, 464, 478) nömrəli telefona zəng edə və ya [email protected], [email protected] elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

tag: AQTA,Dərman,Preperat,Qeydiyyat,Todaypress.az,