MEDİA Rusiya media nümayəndələrinin həlak olması ilə bağlı başsağlığı verdi
Martın 24-də Rusiya Federasiyasının media
subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr
Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun
sürücüsü Аleksandr Sirkeli həlak olub, “Zvezda” telekanalının müxbiri Nikita
Qoldin isə ağır yaralanıb.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı
verib.
TodayPress xəbər verir ki, başsağlığı mətnində qeyd
olunub:
"Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını
yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına,
Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin
tezliklə sağalmasını arzulayır.
Bildiririk ki, münaqişə zonalarında çalışan
jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.
Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində
Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalmışdır. Belə ki,
1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın
qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun
Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank
əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya
Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru
Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar
vermişdir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi
jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə
zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin
yaradılmasını vacib hesab edir”.
tag: MEDİA, Baş Sağlığı, Rusiya, Azərbaycan, Jurnalist, todaypress.az,