“Mədəniyyət Nazirliyi attestasiya aparmaqla müəllimlərin hüquqlarını pozur” – EKSPERTDƏN ÇAĞIRIŞ
“Mədəniyyət sahəsindəki təhsil müəssisələrindəki attestasiyanın mərkəzləşdirilmiş şəkildə aparılması qanunvericiliyə ziddir”.
Təhsil eksperti Elşən Qafarov bunu TodayPress-ə danışarkən bildirib.
Onun sözlərinə görə, Attestasiya Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən keçirilməlidir.
"Attestasiya mərkəzləşmiş qaydada həyata keçirilmir. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Orada da konkret göstərilir ki, attestasiya müəssisə rəhbəri tərəfindən əmri verilmiş komissiya tərəfindən həyata keçirilir. Mərkəzləşmiş şəkildə baş tutan imtahan isə sertifikasiyadır. Hansı ki, hazırda dövlət mülkiyyətindəki təhsil müəssisələrində olan təhsil verənlər bu imtahandan keçir".
Ekspert bildirib ki, belə hallarda müəllimlər öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilərlər:
"Attestasiyasının Mədəniyyət Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılması müəllimlərin hüquqlarını pozur və onlara hüquqi mübarizə aparmaq imkanı yaradır. Əslində müəlim həmin imtahanda iştirak etməyə bilər. Bununla bağlı Dövlət Əmək Müfəttişliyinə və məhkəməyə müraciət etməlidirlər. Təhsil Xidmətləri və Məsləhət Mərkəzi olaraq əmək müqavilələrinə xitam verilmiş şəxslərə bildiririk ki, vaxt itirmədən bizə müraciət edə bilərlər" Elşən Qafarov yekunlaşdırıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən musiqi məktəblərində sertifikasiya imtahanı keçirilib. İmtahandan keçə bilməyən müəllimlər işdən azad olunublar.
Türkan İsgəndərli
tag: Elşən Qafarov,Ekspert,Mədəniyyət Nazirliyi,Attestasiya,Todaypress.az,
