Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyası keçirildi
Cəmiyyət
01.09.2024 20:16
Sentyabrın
1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın və IDEA könüllülərin iştirakı ilə təmizlik aksiyası
keçirilib.
TodayPress
xəbər
verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya
Kürdəxanı ərazisində yerləşən gölün sahilində təşkil edilib. İməcilik zamanı
zəruri sanitar ləvazimatlarla təchiz edilmiş aksiya iştirakçıları ərazini külli
miqdarda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik
tullantılardan təmizləyiblər.
Tədbirin
əsas məqsədi cəmiyyət tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını
təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət
tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi
uğrunda səylər göstərməyə cəlb etməkdir.
Qeyd
edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal
biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı
ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA
İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin
həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə
keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
tag: Leyla Əliyeva, Təmizlik,İməclik,İDEA,