Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı oldu
Cəmiyyət
28.12.2024 22:16
Mədəniyyət Nazirliyi tərəfindən təsis
edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz)
dekabrın 28-də açılışı olub.
TodayPress xəbər verir ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Mədəniyyət naziri Adil Kərimli Leyla Əliyevaya Mərkəzdə
yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, Yaradıcı Mərkəzin əsas məqsədi gənc
istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq
potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və
yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni
sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək
verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və
ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan
istedadlı gəncləri cəlb etməkdir.
Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra
uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi,
“Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap
yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə
edir.
Adil Kərimli qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə
2023-cü ildən etibarən “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi
həyata keçirilir. “Yaradıcı müzakirələr” layihəsi paytaxtda və regionlarda
mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən
maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının
dəstəklənməsinə yönəlib.
Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn,
yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin
istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında
200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market”
bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.
Burada müxtəlif yaradıcı sahələrdə yüksəkkeyfiyyətli
işlərin ərsəyə gəlməsi üçün müasir texnologiyalarla təchiz olunmuş foto və
video, səsyazma, animasiya, rəqs və digər studiyalar var.
Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli
qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır.
Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı
Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin
Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası
məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.
tag: Adil Kərimli, Leyla Əliyeva, Heydər Əliyev Fondu, Vitse-Prezident, todaypress.az,