Köhnə avtomobillərlə bağlı yeni şərtlər - Sürücülər narazıdırlar
Cəmiyyət
25.07.2024 14:06
Fevralın 1-dən Azərbaycanda "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılmasına dair prezident sərəncamı qüvvəyə minib. Artıq fonda vəsaitlərin köçürülməsinə başlanılıb. Utilizasiya prosesinə isə sentyabrın 1-dən start veriləcək.
Bu bəzi avtomil sahiblərinin narazılığına səbəb olub. Onlar utilizasiya prosesi başlamadan ödənişin edilməsini düzgün hesab etmirlər.
Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, onların bu iddiası əsassızdır.
“Fond formalaşmadan utilizasiyanın ödənişləri sürücülərə niyə büdcədən verilməlidir ki?! Hər bir avtomobil ölkəyə gətirilərkən, texniki baxışdan keçirilərkən fonda ödəniş olunmalıdır ki, ora vəsait yığılsın, həmin vəsaitdən də vətəndaşlara utilizasiya haqqı ödənilsin. Bu olduqca düzgün qərardır. Bu, dünya təcrübəsində də belədir”.
Nəqliyyat eksperti Aslan Əsədov isə Azərbaycanda utilizasiya prosesinin qəbul olunmuş qaydalar çərçivəsində həyata keçiriləcəyini deyib:
“Avtomobilin texniki parametrlərinə görə hər il 10 manat artıq rüsum alınacaq. Bu, avtomobilin utilizasiya haqqıdır. Avtomobillərin gələcəkdə, məsələn, 10 illik bir müddət ərzində satın alınması, yaxud, silinməsi, istifadədən çıxarılması proqramı olacaq. Ola bilər ki, avtomobilə hansısa element, hansısa hissə əlavə olunsun, parametrləri dəyişsin. Xüsusi kateqoriyalar ayrılacaq - tam yararsız, müəyyən qədər yararsız, müəyyən qədər istifadəyə yararlı avtomobillər hissə-hissə utlizasiya olunacaq”.
Ekspertlər vətəndaşların utilizasiya prosesində fəal iştirak edəcəyinə ümidvar olduqlarını bildirdilər.
Günəş Mərd
tag: Yasin Mustafayev, Nəqliyyat, Avtomobil,Aslan Əsədov, Ekspert, todaypress.az,