Kimlərə pulsuz ev verilir? – AÇIQLANDI

Cəmiyyət

05.05.2025 10:59

35

Azərbaycanda bir sıra vətəndaş kateqoriyaları dövlət tərəfindən pulsuz mənzillə təmin olunurlar. 

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. 

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər, şəhid ailələri, eləcə də 2020-ci ildəki Vətən müharibəsi zamanı bu statusu əldə edən şəxslər dövlət büdcəsi hesabına mənzillə təmin edilirlər. 

Eyni zamanda, 16 avqust 2021-ci il tarixinədək uçota alınmış gözdən əlilliyi olan şəxslər və valideynlərini itirən, valideyn himayəsindən məhrum olan uşaqlar sosial xidmət və təhsil müəssisələrinin məzunları da bu imkandan yararlana bilirlər. 

"Qanunvericiliyə əsasən, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər və ölümündən sonra bu ad verilmiş şəxslərin ailə üzvləri də dövlət hesabına pulsuz mənzillə təmin olunur".  Millət vəkili bildirib ki, qeyd edilən imtiyazlı kateqoriyaya uyğun vətəndaşlarımız pulsuz mənzil almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

"1. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surətləri;

2. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətlərində daşınmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

4. mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

5. əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. ailə vəziyyəti ilə bağlı digər sənədlər". 

Vüqar Bayramov qeyd edib ki, göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər. 

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Pulsuz,Ev,Todaypress.az,

photo