Kibercinayətkarlıq artır: Bank kartlarımızı kim talayır? – DETALLAR AÇIQLANDI
Son dövrlər xüsusilə bank hesablarından və kartlardan dələduzluq yolu ilə vətəndaşların pullarının mənimsənilməsi hallarına daha çox rast gəlinir.
Mövzu ilə bağlı vəkil Etibar Qarayev TodayPress-ə danışarkən bildirib ki, bu cür halların baş verməsi əsasən iki formada müşahidə olunur.
Onun sözlərinə görə, vətəndaşlar bəzən bilmədən dələduzlara şəxsi məlumatlarını təqdim etsələr də, bəzən onların şəxsi məlumatları kibercinayətkarlar tərəfindən dolayı yollarla oğurlanır:
“Birinci halda vətəndaşlar özlərini bank əməkdaşları kimi təqdim edən şəxslərin yalan məlumatlarına inanaraq onlara bank kartı məlumatlarını, kodları ötürürlər. İkinci halda isə vətəndaşın məlumatları fişinq metodları vasitəsilə oğurlanır. Bu zaman şəxsin telefonuna müəyyən linklər göndərilir, o linkə daxil olduqda isə kibercinayətkarlar onun bank hesabına daxil olaraq pullarını ələ keçirirlər".
Vəkil bildirib ki, bu iki hal arasında ciddi fərq mövcuddur. Belə ki, əgər vətəndaş özü bilərəkdən məlumatlarını dələduza təqdim edibsə, bu zaman həmin vəsaitin geri qaytarılması daha çətin olur. Əksinə, məlumatlar oğurlanıbsa, bank təhlükəsizlik məsələsində məsuliyyət daşıdığı üçün pulların geri qaytarılması ehtimalı yüksəlir. O vurğulayıb ki, vəsaitin necə ələ keçirilməsi araşdırıldıqdan sonra qaytarılma prosesi baş tutur.
"Hər bir halda vətəndaş kibercinayətkarlığa məruz qalarsa, hüquq-mühafizə orqanlarına və ya banklara müraciət edə bilər. Həmçinin dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququ da var. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 30-cu fəslində kibercinayətkarlıqla bağlı cinayət tərkibi müəyyən edilib. Ölkəmiz eyni zamanda 2009-cu ildən etibarən kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına qoşulub. Azərbaycanda kibercinayətkarlıq sahəsində qanunvericilik aktları müəyyən mənada ürəkaçan vəziyyətdədir. Burada əsas problem cinayətkarlıq əməli törədən şəxslərin tapılmasındakı çətinlikdir".
Etibar Qarayev vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, bank əməkdaşları heç vaxt müştəridən “3D” və “OTP” kodunu istəmir. Əgər onlara şübhəli zənglər edilərsə və ya telefonlarına keçidlər göndərilərsə, son dərəcə ehtiyatlı olmalıdırlar.
Qeyd edək ki, son bir gün ərzində vətəndaşların bank kartlarından 39 504 manat və 595 dollar talanıb.
Türkan İsgəndərli
tag: Etibar Qarayev,Vəkil,Bank Kartı,Kibercinayətkarlıq,Todaypress.az,
