“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs olundu
Cəmiyyət
12.09.2024 20:28
Vəzifəli şəxsin qərarına təsir göstərmək
adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Baş Prokurorluğu ilə Vəkillər Kollegiyasının birgə məlumatında
deyilir.
Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və
partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz
əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası
Prokurorluğunda cinayət işi başlanıb.
İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar
respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi
və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin
qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü
ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini
tələb edib almasına əsaslı şübhələr əldə edilib.
İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin
qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən
şəxs qismində cəlb edilməklə barəsində müstəntiqin vəsatəti, ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsində
qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır və onun
davranışına hüquqi qiymət veriləcək.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların,
cinayətin törədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərin
müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi
davam etdirilir.
tag: Vəkil,Cinayət işi,Kamandar Nəsibov və partnyorları,Naxçıvan,todaypress.az,