Jurnalistlərin tənqid etdiyi mətbuat katibləri - SORĞU
Cəmiyyət
22.07.2024 13:20
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.
Məlumdur ki, ölkəmizdə mətbuat katibləri ilə jurnalistlərin əməkdaşlığı məsələsində zaman-zaman problemlər yaranır. Dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Onlar bəzən jurnalistlərin suallarından yayınır və ya onu cavabsız qoyurlar. Bununla yanaşı işini layiqincə yerinə yetirən mətbuat katibləri də var.
TodayPress, jurnalistlərə “Hansı nazirliklərin, dövlət qurumlarının mətbuat xidmətlərinin işindən narazısınız və ya razısınız?” sualı ilə sorğu ünvanladı. Media nümayəndələrinin cavabları isə belə oldu:
Gülnar Nazimqızı “Anews.az”: “Zaman keçdikcə qurumlar jurnalistlərlə kommunikasiya qurmağa başlayıb, bu yaxşı göstəricidir. Ən çox komnukasiyadan danışan TƏBİB isə bir neçə dəfə sorğularımızı görməzdən gəlib. Ən bərbad işləyən isə AQUPDK-dir. Təsəvvür edin bu qurum nazirlik olmaq istəməsi ilə bağlı çıxış edir, amma jurnalistləri tədbirlərə dəvət etmir. Oranın mətbuat katibi Teymur Mərdanoğlunu müxtəlif tədbirlərdə mətbuat katibindən çox Bahar Muradovanın mühafizə etdiyini müşahidə etmişəm. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz bəyi media olaraq itirmişik. İl ərzində onu bir dəfə gördüm, o da işlədiyi qurumun naziri üçün qapı açıb, onu yola salanda”.
“Unikal.az”ın əməkdaşı Ağarza Elçinoğlu DİN-in mətbuat xidmətindən razı, Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə narazı olduğunu bildirdi.
Gülbəniz Hüseynli “Mətbuat.az”: “Ən aktiv olanlar Səhiyyə Nazirliyinin, TƏBİB-in mətbuat katibləridir. Elm və Təhsil Nazirliyində vəziyyət bir az yaxşı deyil. Bank sektorunda da mətbuat katibləri aktivdirlər. Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DİN-in mətbuat xidmətinin işində problem yoxdur”.
“Yeni Azərbaycan”qazetinin əməkdaşı Şəhanə Müşfiq Elm və Təhsil Nazirliyinin, ASAN xidmətin və teatrların mətbuat katiblərinin işindən razı qaldığını qeyd etdi.
Aidə Zərgərova “ARB TV”: “Mən mövsüm ərzində hər gün fərqli mövzular üzrə canlı bağlantılara qoşulurdum. Mövzulara görə də hansı quruma müraciət etmişəmsə, anında kömək etməyə çalışıblar”.
Əli Novruzəliyev “ATV”: “Sosial Xidmətlər Agentliyi ilə müntəzəm olaraq çalışmışam, oranın mətbuat xidməti çox əladır. Mətbuat katibi Murad Haşımovdan çox razıyam. Ən narazı qaldığım Əqli Mülkiyyət Agentliyi, Elm və Təhsil Nazirliyi olub. Cəsarət Valehov sorğulara qəti cavab vermirdi. İndi yeni mətbuat katibi hələ özünü göstərməyib. Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimovadan da çox razıyam”.
Səbuhi Vaqifoğlu “AzTv”: “Narazı olduğum, əsasən Səhiyyə Nazirliyinin mətbuat xidmətidir. Onların qəbuluna düşmək olmur. ASAN xidmətin, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, ABADA və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katiblərindən isə razıyam”.
“Lent.az”ın əməkdaşı Arzu Qurbanlı TƏBİB-in, “Axar.az”ın əməkdaşı Orxan Saffari isə “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun mətbuat xidmətinin işindən narazı olduqlarını bildirdilər.
Xəyal Orucoğlu “VAXTmedia”: “Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) istisna olmaqla rayon əraziləri üzrə İcra Hakimiyyətlərinin mətbuat xidmətləri demək olar ki, yox səviyyəsindədir. Rayonlarda hadisə baş verəndə hansısa İcra Hakimiyyətinin fikrini almaq çox çətin olur. Bəzi qurumların sorğulara verdiyi cavablar ürəkaçan olmur. AYNA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi qurumlar, ya ümumi cavab verirlər, ya da sualdan qaçırlar. Ən yaxşı fəaliyyət göstərən mətbuat xidməti isə DİN-nin dir. O, mətbuatla işini çox yaxşı inkişaf etdirib. Sorğulara kifayət qədər yüksək səviyyədə cavab verir”.
“İqtisadiyyat.az”ın əməkdaşı Sadiq Cavadov isə AYNA-nın mətbuat xidmətindən narazı, TƏBİB-in mətbuat xidmətindən razı olduğunu vurğuladı.
Rahim Tarıverdi “apa.az”: “Dövlət qurumları adətən riskli hesab etdikləri sorğulara ehtiyatla yanaşırlar. Ya mövzuya toxunmurlar, ya da cavab xatirinə nəsə yazırlar. Bəzən də hansısa qanundan çıxarış göndərirlər. Bu yanaşma məmurlarda da, nazirlərdə də var. Onu da qeyd edim ki, bəzən jurnalistlər də konkret sual vermirlər. Cavab xatirinə verilən cavabla da kifayətlənirlər”.
Kənan Aydın “azertag.az”: “Bakı Metropoliteni” QSC, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, AYNA-nın mətbuat xidmətinin işindən razıyam. İstədiyim cavabları ala bilmədiyim mətbuat xidməti isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Səhiyyə Nazirliyinin mətbuat xidmətidir”.
“ASAN xidmətin mətbuat xidməti çox yaxşıdır” deyən “Naxçıvan TV”nin əməkdaşı Rahim Mirzəcan, AYNA-nın mətbuat xidmətinin işindən razı olmadığını əlavə etdi.
Turan Etibaroğlu (müstəqil jurnalist): “Mətbuat xidmətləri için də “ən yaxşı” çalışan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovdur. O qədər “güclü işləyir” ki, heç bir həmkarın telefonuna cavab verməyə vaxtı olmur. DİN və o quruma bağlı olan idarələrin mətbuat katibləri saatın, günün fərqinə baxmadan media ilə işləyirlər. Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova və o qruma bağlı bütün şəxslər də hər zaman canla-başla sorğulara cavab verirlər. TƏBİB, Yeni Klinika, Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də daim aktiv şəkildə media ilə əlaqə saxlayır. Akademik Milli Dram, Kukla, Gənc Tamaşaçılar, Musiqili və Azərbaycan Dövlət Yuğ Teatrlkarının mətbuat katibləri də hər zaman mediaya açıqdırlar”.
“Sherg.az”ın əməkdaşı Nihat Müzəffərin sözlərinə görə, DİN və Müdafiə Nazirliyinin mətbuat xidmətləri bütün sorğulara anında cavab verirlər.
Ləman Salehova “APA TV”: “Ədliyyə Nazirliyi, Baş Prokurorluq, TƏBİB, ETSN, BŞİH və digər icraların mətbuat xidmətinin işindən narazıyam. Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, DİN və Fövqəladə Hallar Nazirliyinin işindən isə razıyam”.
Gülşən Şərif “Bakıvaxtı.az”: “Əslində bütün dövlət qurumlarının mətbuat katibləri mediaya açıq olmağa borcludur. Amma təəssüf ki, bu gün bəzi dövlət və özəl sektorun mətbuat katibləri jurnalistlərlə işləməkdən qaçırlar. Səbəbi isə məlum deyil.
Mətbuat xidməti ən zəif olan qurum Səhiyyə Nazirliyidir. Baxmayaraq ki, problemlərin və vətəndaş narazılıqlarının daha çoxu məhz bu qurumla bağlıdır. Səhiyyə Nazirliyi kimi vacib qurumun bu cür laqeyd və məsuliyyətsizliyi arzuolunan deyil. Bundan başqa, AQTA göndərilən sorğuya cavab vermir və ya müəyyən müddətdən sonra bütün saytlara eyni açıqlamanı göndərir. Yəni, müxbirin özəl sorğusunu ciddiyə alaraq, özəl açıqlama vermir. Bu isə heç də doğru yanaşma deyil.
Fəaliyyətindən ən çox razı qaldığım qurumlara DİN, Elm və Təhsil nazirliyi, DSX, Baş Prokurorluq, “Azərsu” ASC, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, “AYDA” ASC, “Bakı Metropoliteni” QSC, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Maliyyə Nazirliyi, ASAN xidmət, Dövlət Miqrasiya Xidməti, “Azərişıq” ASC , Qafqaz Müsəlmanları İdarəsi, ETSN və TƏBİB daxildir. Qeyd etdiyim qurumların mətbuat katibləri və ya səlahiyyətli şəxsləri istənilən zaman zənglərimə cavab veriblər. Bu cür operativ xidməti bütün qurumlardan görmək hər bir jurnalistin istəyidir.
Həmçinin Bakı şəhərində yerləşən icra hakimiyyətlərinin, universitetlərin və teatrların mətbuat xidmətinin fəaliyyətini yaxşı hesab edirəm. Rayon icra hakimiyyətləri isə zənglərə cavab vermirlər. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti bəzən əhvalına uyğun şəkildə zənglərə cavab verir. Ümid edirəm ki, fəaliyyəti qənaətbəxş olmayan dövlət qurumları tezliklə mövcud nöqsanları aradan qaldıracaq”.
Aytac Sahəd “525-ci qəzet”: “Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimovanın işindən razıyam. Bəzən narazı olduğum mətbuat katibləri də olur, ancaq mədəniyyət sahəsində bu çox olmur deyə konkret ad çəkə bilmirəm”.
Nazim Hacıyev “Yenisabah.az”: “DİN, AYNA-nın mətbuat xidmətinin işi yaxşıdır. Elm və Təhsil Nazirliyi, DİM, AQTA və Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətindən isə narazıyam”.
Elnurə Abuşova “Azadmedia”: “Mən zəngimə cavab verməyən mətbuat xidməti rəhbərlərinin hər zaman adını çəkib statuslar yazmışam, açıqlamalar vermişəm. Ona görə də demək olar ki, bütün qurumlardan cavab ala bilirəm. Bütün həmkarlarıma tövsiyə edirəm ki, vəzifəsinin məsuliyyətini unudanları ifşa etməkdən çəkinməsinlər. Fürsətdən istifadə edib təbrik edirəm həmkarlarımı. Qələmləri iti, canları sağ, ruziləri bol olsun!”.
Sorğunun nəticələrinə görə, jurnalistlərin ən çox razı qaldıqları Daxili İşlər Nazirliyinin mətbuat xidməti, fəaliyyəti ən çox tənqid olunan isə Səhiyyə Nazirliyinin mətbuat xidməti oldu.
Qeyd edək ki, dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.
Günəş Mərd
tag: Mətbuat, DİN, Jurnalist, Səhiyyə Nazirliyi, todaypress.az,