"JEK"lər bələdiyyələrin tabeliyinə keçsin” – DEPUTATDAN TƏKLİF
Cəmiyyət
03.07.2024 15:00
“JEK” kimi tanınan Mənzil İstismar Sahələrinin fəaliyyətindəki problemlər bu qurumların işinin artırılmasını və ya onların tamamilə ləğvini zəruri edir”.
Millət vəkili Tahir Rzayev bu barədə TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “JEK”lərin ləğv olunması uzun illərdir insanları düşündürür:
“Ölkədə aparılan islahatlar bütün sahələrdə təkmilləşmə tələb edir. Ancaq düzünü deyim ki, son illər “JEK”lərin fəaliyyətində müəyyən dönüş hiss olunur. İstər ərazilərin yaşıllaşdırılması, istərsə də təmizliyin təmin edilməsi və ərazilərdə müəyyən nizam- intizamın yaradılmasında “JEK”lər müəyyən işlər görürlər.
“JEK”lər sovet dövründə əhalinin rahatlığının təmin olunmasında yaxşı işlər görüblər. Burada bir çox mütəxəssislər fəaliyyət göstərib və işlərinin öhdəsindən lazımınca gəliblər. Belə mütəxəssislərin də bu gün “JEK”lərdən kənarlaşdırılması sözsüz onların işinə zərər vurur”.
Millət vəkili qeyd edib ki, əgər “JEK”lər ləğv olunmayacaqsa, onların əhalinin rahatlığının təmin olunması sahəsində gördüyü tədbirlər artırılmalıdır:
“JEK”lərə müəyyən imkanlar yaradılmalı və onlar fəaliyyətlərini bir daha canlandırmalıdırlar. Əgər insanlar “JEK”lərin fəaliyyətindən narazıdırlarsa, onlar bələdiyyələrin nəzdinə keçə bilər. Yəni “JEK” işçiləri bələdiyyələrin tərkibində öz fəaliyyətlərini davam etdirə bilərlər. Bu daha effektiv ola bilər”.
Günəş Mərd