İmtahandan keçməyən taksi sürücülərinin aqibəti necə olacaq?

Cəmiyyət

26.08.2024 12:10

“Taksi sürücüləri üçün imtahanın keçirilməsi lap yerinə düşdü. Biz artıq sürücülərdən tələb edə bilirik ki, təlimdən keçib, müəyyən biliklərə yiyələnsinlər. Lakin həmin təlim müddətində keçirilən dərsləri nə qədər mənimsəmələri isə sözsüz ki, imtahanla yoxlanmalıdır”. 

Bu sözləri TodayPress-ə danışan nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib. Onun fikrincə, imtahandan keçə bilməyənlər və yaxud da üzürlü səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahan təşkil olunacaq: 

“Necə ki, sürücülük vəsiqəsi alan zaman birinci imtahandan keçməyəndə növbəti dəfə cəhd ediriksə, burada da eynisi olacaq. İmtahandan keçə bilməyən taksi sürücüləri üçün yenidən şans yaradılacaq”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 25 avqust 2024-cü il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün test imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün 1434 namizəd qeydiyyatdan keçib. Onlardan 1394 nəfəri imtahana gəlib. Nəticələrə əsasən, 1309 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 26 və 27 avqust tarixlərində saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

Töhfə Səməd

tag: Taksi, Sürücülər,Dövlət İmtahan Mərkəzi, Uğur, Nəticə, Yasin Mustafayev, todaypress.az,

photo