"İmkanı olmayanlar çadır qurub yaşasın?" - Mənzil bazarındakı qiymətlər TƏNQİD OLUNDU
“Minimum əməkhaqqı 400 manat olsa da, əksər təbəqənin qazancı 500-600 manat civarındadır. Bu məbləğlə nə ev almaq, nə də ev tikdirmək mümkündür. Tələbat az olsa da, qiymətlər yüksək olaraq qalır”.
Bunu iqtisadçı ekspert Günay Hüseynova TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bazarda qiymətlər tələb və təklifə əsasən dəyişməlidir.
“Orta büdcəli mənzillərin sahəsi isə çox kiçikdir və əsasən subay şəxslər üçün nəzərdə tutulub. Belə bir şəraitdə subay şəxsin 50-55 min manatı hardan tapması sual altındadır. Əgər müəyyən qədər yığımı varsa, ilkin ödənişi edib, qalan məbləği ipoteka ilə ödəməyə çalışır. Bu da çox nadir hallarda mümkündür. Əvvəllər çıxış yolu kimi torpaq alıb fərdi ev tikmək idi. Hazırda isə şəhər ətrafında 1 sot torpaq minimum 5000 manatdan başlayır. Tikinti üçün isə torpağın təyinatı, çıxarışı və qanunla müəyyən edilmiş ölçüsü də nəzərə alınmalıdır. 4 sot torpaq üçün ən azı 20.000 manat, ev tikintisi üçün isə 40.000 manat tələb olunur".
Ekspertin fikrincə, bina evlərinin qiymətləri yüksək olduqda insanlar fərdi ev tikməyə yönəlir, bunu bilən işbazlar isə torpaq qiymətlərini süni şəkildə artırırlar. O bildirib ki, bu vəziyyət iqtisadi cəhətdən səmərəli deyil.
"Amma çıxış yolu var. İlk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir. Belə ki, əgər vətəndaşın adına artıq bir daşınmaz əmlak varsa, ikinci əmlak alındıqda həmin əmlakın dəyərinin 40 faizi həcmində vergi tutulmalıdır. Əmlakın dəyəri isə yerli bələdiyyələr tərəfindən müəyyən olunaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilməlidir. Bundan əlavə, bazar qiymətindən (rayiç dəyərdən) aşağı satışlara da qadağa qoyulmalıdır".
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc TodayPress-ə açıqlamasında bildirib ki, hazırkı əməkhaqqı səviyyəsi vətəndaşların ipoteka krediti ilə mənzil əldə etməsinə geniş imkan yaratmır.
Onun sözlərinə görə, minimum əməkhaqqı 400 manat olsa da, onların hamısı minimum əmək haqqı almır. Bununla belə hamı ipoteka şərtlərinə cavab vermir.
"İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kreditlərdən yalnız müəyyən əməkhaqqı kriteriyasına uyğun gələn şəxslər yararlana bilər. Hazırkı əməkhaqqı ilə bu hüquqdan istifadə etmək çətindir. Gələcəkdə iqtisadiyyat inkişaf etdikcə əmək haqları artacaq və bu da vətəndaşların mənzil əldə etməsinə şərait yaradacaq. Hazırda dövlət bu sahədə müxtəlif sosial layihələr həyata keçirir. Mənzil İnşaatı Dövlət Agentliyi və kirayə mənzil proqramları vasitəsilə vətəndaşlara müvafiq imkanlar yaradılır".
Ekspert qeyd edib ki, hazırkı daşınmaz əmlak bazarında qiymətlər yüksək olduğuna görə mənzil almaq üçün kredit yolu daha real variant sayılır.
Onun hesablamasına görə, orta aylıq əməkhaqqı 1000 manat olan vətəndaş bir otaqlı mənzili almaq üçün təxminən 10 il gəlirini yalnız bu məqsədə yönəltməli, digər xərcləri də təxirə salmalıdır.
O, həmçinin bildirib ki, hazırda Azərbaycanda 194 bina sökülür və həmin ərazilərdə yaşayan sakinlərə kompensasiya ödənilir, onlar yeni mənzillərlə təmin olunurlar.
Eyni zamanda, sosial mənzil fondu vasitəsilə də vətəndaşlar növbəli şəkildə mənzillə təmin edilir.
"Azərbaycan müharibədən yeni çıxan, iqtisadi böhran və inflyasiya ilə mübarizə aparan, manatın sabitliyini qorumağa çalışan dövlətdir. Bütün bu çətinliklərə baxmayaraq, mənzil sahəsində sosial layihələr davam edir və gələcəyə optimist baxmaq lazımdır" deyə Vüqar Oruc yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Günay Hüseynova,Vüqar Oruc,Mənzil,Şikayət,Todaypress.az,

