İmişlidə SSRİ bayrağı niyə qaldırılıb? : “Cəmiyyət qəti mövqe nümayiş etdirməlidir!” - Millət vəkili
“SSRİ bayrağının bu gün hər hansı tədbirdə qaldırılması yolverilməzdir və bu, Azərbaycanın dövlət müstəqilliyinə qarşı çıxmaq kimi qiymətləndirilməlidir”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə TodayPress-ə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, SSRİ bayrağı hazırda bəzi dairələr tərəfindən keçmiş Sovet İttifaqını bərpa etmək arzularının simvolu kimi təqdim olunur. Onun sözlərinə görə, bu cür simvolların ictimai tədbirlərdə nümayiş etdirilməsi yanlış mesajlar verir:
“Bu gün istənilən tədbirdə bizim özümüzün milli bayrağımız qaldırılmalıdır. SSRİ bayrağının qaldırılması xaricdə Azərbaycanı yenidən SSRİ və ya başqa adla hansısa bir dövlətin tərkibinə daxil etmək istəyən insanlara ümid verir. Amma onlar bilməlidirlər ki, Azərbaycan xalqı öz müstəqilliyini bərpa edib və bir daha heç bir halda digər dövlətlərin tərkibində olmayacaq”.
Deputat bildirib ki, vaxtilə hüquqsuz şəkildə daxil olunduğumuz bir dövlətin bayrağının bu gün nümayiş etdirilməsi qəbuledilməzdir. Onun fikrincə, Azərbaycan xalqı öz milli bayrağına sadiqdir və cəmiyyət bu məsələdə qəti mövqe nümayiş etdirməlidir.
Aydın Mirzəzadə sonda əlavə edib ki, SSRİ bayrağının hər hansı tədbirdə nümayiş etdirilməsi, istər səhvən, istərsə də məqsədli şəkildə baş versin, cəmiyyətdə narazılıq doğurur və bu, qəbuledilməzdir.
Qeyd edək ki, İmişli rayonunda 9 May - Faşizm Üzərində Qələbə Günü münasibətilə tədbirin keçirildiyi xiyabanda Azərbaycan dövlət bayrağı ilə yanaşı, keçmiş SSRİ bayrağı da dalğalanıb. Üstəlik, "Den Pobedı" ("Qələbə Günü") sovet mahnısı da səsləndirilib.
Türkan İsgəndərli
tag: Aydın Mirzəzadə,Deputat,İmişli ,SSRİ Bayrağı,Todaypress.az,
