İlin sonuna qədər Ağdamın üç kəndinə köç baş tutacaq

Cəmiyyət

17.10.2024 13:15

“Bütün işğaldan azad edilmiş ərazilərdə köç plana uyğun şəkildə həyata keçirilir”.

TodayPress xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O, qeyd edib ki, həmçinin Ağdam, Xocavənd və Füzuli rayonlarında da köç prosesi davam etdirilir: 

“Bu ilin sonuna qədər Ağdam rayonunun üç kəndinə köç prosesi başlanılacaq. Söhbət Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərindən gedir. Bundan başqa, Ağdamın Qərvənd kəndində bərpa işləri aparılır. Ağdam şəhərinin ikinci məhəlləsində tikinti işləri başlanılıb. Bu məhəlləyə gələn ilin sentyabr-oktyabr aylarında köç nəzərdə tutulur”.

E.Hüseynov bildirib ki, Füzuli şəhərinin Dövlətyarlı və Pirəhmədli kəndlərinin torpaq işləri yekunlaşdırılıb, bu yaxınlarda evlərin tikintisi ilə bağlı layihələrə start veriləcək. Onun sözlərinə görə, dövlət proqramında nəzərdə tutulan digər məsələlərlə yanaşı, torpaq islahatı ilə bağlı istiqamətlər də müəyyənləşdirilir. 

“İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatı ilə bağlı xüsusi işçi qrupu yaradılıb və bu işçi qrupu öz fəaliyyətini davam etdirir. Artıq bununla bağlı bir neçə ölkəyə səfər olunub, beynəlxalq təcrübə araşdırılıb. Azərbaycanda torpaq islahatının ən optimal şəkildə təşkil olunması üçün müxtəlif təhlillər aparılır” deyə Emin Hüseynov əlavə edib.

tag: Ağdam ,Köç ,Xocavənd ,Füzuli ,Kəngərli, todaypress.az,