İlaxır çərşənbədə baxılan fallar hansı halda gerçək olur? – Folklorşünas açıqladı

Cəmiyyət

18.03.2025 15:55

1942

"Novruz bayramı, xüsusilə də İlaxır çərşənbədə edilən falçılıq inancları xalq mədəniyyətinin bir hissəsidir. Qədim dövrlərdən insanlar arzu, istək və gələcəyi görmək üçün müxtəlif üsullara üz tutublar. Lakin elmi baxımdan bu falların doğruluğunu təsdiq edən hər hansı sübut yoxdur".

Bu fikirləri TodayPress-ə AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilov danışarkən bildirib.

Onun sözlərinə görə, insanlar bunlara əyləncə və ya ənənə kimi yanaşarsa, ziyanı yoxdur. Ancaq ciddi qərarlar verərkən məntiqə əsaslanmaq daha məqsədəuyğundur.   

"İnsanlar bəzən təsadüfi hadisələri mənalı kimi qəbul edirlər. Məsələn, qapıya qulaq asarkən yaxşı sözlər eşidəndə başlarına  yaxşı hadisələrin gələ biləcəyinə inanırlar. Bəzi insanlar da falda gördükləri nəticəyə uyğun şəkildə davranmağa başlayırlar. "Üzük falı" edir, 23 yaş çıxır. Həmin vaxt qarşısına insan çıxır, düşünür ki, falda da 23 yaş çıxmışdı, ona şans verim və s."

Folklorşünas əlavə edib ki, Novruzun kökləri, ritualları və təbiətlə bağlı izləri  Zərdüştlük Yeni ilindən gəlir. İnanclara görə, həmin gün xalq qışın əziyyətlərindən xilas olur, mal-qarasını saxlamaq üçün daha rahat şəraitin yaranmasına sevinir. 

Qeyd edək ki, Novruz bayramının “qulaq falı”, "üzük falı" "duzlu kökə yemək", "Qapı pusmaq", "Başmaq falı" kimi bir çox inancları var. 

Türkan İsgəndərli

tag: İlaxır Çərşənbə,Fal,Ağaverdi Xəlilov,AMEA,Todaypress.az,

photo