Həm büdcənin, həm də ekologiyanın dostu - Elektromobillərin dövrü başlayır
Cəmiyyət
18.12.2024 17:57
Elektriklə işləyən avtomobil sənayesi bütün dünyada günü-gündən inkişaf edir. Bir çox markalar artıq öz versiyalarını sürücülərin ixtiyarına veriblər. Azərbaycanda da bu cür modellərə üstünlük verənlər kifayət qədərdir.
Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev TodayPress-ə bildirib ki, dünyada elektromobillərə təlabat sürətlə artır.
“Lakin bir çox ölkələrdə avtomobil markaları bu yeni çağırışa qarşı çıxır. Onlar elektromobilləri gələcəyin avtomobili kimi görmür və yenidən daxili yanma mühərrikinə qayıtmağı tövsiyə edirlər. Ancaq nəzərə almaq lazımdır ki, bu ekonom nəqliyyat vasitəsidir. Misal üçün gündəlik benzinə sərf etdiyimiz məbləğdən 3-4 dəfə az xərcləməklə, eyni kilometr yolu qət etmək mümkündür. Buna görə də elektromobillər həm büdcə, həm də ekologiyanın dostudur”.
Ekspert Azərbaycandakı vəziyyətdən də söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i qəbul edilib. Həmin sərəncamda yer alan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi bəndinin gündəmə gəlməsindən sonra elektriklə çalışan və hibrid avtomobillərin mövcudluğu baxımından yüksək dinamika baş verdi:
“Artıq elektromobillər gömrük rüsumlarından və Əlavə Dəyər Vergilərindən (ƏDV) azaddırlar. Buna görə də bu növ miniklərin populyarlığı Azərbaycanda da günü-gündən artmaqdadır. Hazırda inkişaf tempi müşahidə olunur”.
O, ən böyük problemlərdən biri olan şarj məsələsinin də artıq həll olduğunu bildirib. “Əvvəllər elektromobillərin infrastrukturu ilə bağlı çətinliklər çəkilirdisə, məsələn bölgələrə gedəndə maşının şarj edilməsi və sair, artıq istər özəl şirkətlər, istərsə də dövlət qurumları tərəfindən müvafiq məntəqələr quraşdırılıb” deyə icraçı direktor diqqətə çatdırıb.
Töhfə Səməd
tag: Eyyub Əliyev ,Elektrombil, ƏDV ,İnkişaf ,Temp, todaypress.az,