Hansı şəxslərin adları "qara siyahıya" düşməyəcək? - Deputat açıqladı

Cəmiyyət

21.04.2025 11:25

29

“Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər”. 

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Onun sözlərinə görə, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər. Həmçinin kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar zaman və eləcə də xərc tələb edirdi.

Bu öhdəliklərə əməl edilməsinə nəzarət və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi. Yeni dəyişiklik isə bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq: 

“Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəti aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların bu səbəbdən kreditlər üzrə “qara siyahıya” düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin sözügedən sahədə aktivliyin artmasına və alqı-satqı döriyyəsinin genişlənməsinə imkan yaradacaq". 

Qeyd edək ki, Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib.   

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Açıqlama,Qara Siyahı,Todaypress.az,

photo