Güzəştli şərtlər ilə müavinət necə ödəniləcək? – AÇIQLANDI

Cəmiyyət

17.04.2025 10:51

130

"Azərbaycanda “Əmək pensiyaları” haqqında Qanuna edilən yeni dəyişikliklərə əsasən, güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşların, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsi hesabına ödəniləcək". 

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, son dəyişikliklər fonunda vətəndaşlar arasında yaşa görə müavinətin təyinatı və ödəniş mexanizmləri ilə bağlı çoxsaylı suallar yaranıb.

Qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan şəxslər də müəyyən güzəştli hallarda daha tez yaşa görə müavinət almaq imkanına malikdirlər.

Deputat bildirib ki, əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-dək hesabında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər.

O, əlavə edib ki, bu şərtlərin heç biri olmadığı halda yaşa görə müavinət ödənilir.

“Sosial müavinətlər haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan analar, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə yaş həddindən 5 il tez yaşa görə müavinət almağa başlayırlar. Bu halda həmin qadınlara müavinət 64 deyil, 59 yaşında təyin olunur. Eyni güzəşt əlilliyi olan uşağa sahib analara da şamil edilir. Əgər uşaqlar səkkiz yaşınadək sağdırsa, bu analar da 59 yaşında yaşa görə müavinət hüququ qazanırlar. Həmin şərtlər kişilərə tətbiq olunduqda, yaş həddi 65-dən 60-a endirilir".

Vüqar Bayramov sonda qeyd edib ki, bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. 

Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

Qeyd edək ki, bu dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa təklif edilib.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Müavinət,Ödəniş,Todaypress.az,

photo