"Green Hackathon 2024" layihəsi başa çatdı - FOTO
Cəmiyyət
30.10.2024 16:55
Oktyabrın 30-da "Green Hackathon 2024" layihəsinin yekun tədbiri həyata keçirilib.
TodayPress xəbər verir ki, final mərasimində komandalar yaşıl texnologiyalar, ağıllı kənd təsərrüfatı, yaşıl enerji və yaşıl iqtisadiyyat sahələrində innovativ həll təklifləri ilə bağlı münsiflər heyəti qarşısında çıxış ediblər. Ümumilikdə 20 komanda iki gün ərzində mentorların dəstəyi ilə ideyalarının prototiplərini hazırlayıblar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, Azərbaycan yaşıl texnologiyalara və iqlim problemlərinə diqqət yetirən ölkələrdəndir. Dünyada iqlim məsələləri əsas müzakirə mövzusu olaraq qalmaqdadır.
Növbəti illərdə təkcə su probleminə görə ölkələrə 6-8 trilyon dollar ziyan dəyəcək. Bu isə ciddi narahatlıq yaradır.
Sədr müavini diqqətə çatdırıb ki, 600-dən çox gənc bu müsabiqəyə müraciət edib. Onlardan yalnız 87-i komanda formasında yarışda iştirak etmə haqqı qazanıb. Bu müsabiqənin əsas məqsədi isə gənclərin unikal fikirlərlə hazırladıqları texnologiyalarla iqlim problemlərinə töhfə verməkdir.
Tədbirdə həmçinin AİB Azərbaycanın ölkə üzrə direktoru Sunniya Durrani-Jamal, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar çıxış ediblər.
Müsabiqənin sonunda “Greenix” komandası I yerə, “Envirominds” komandası II yerə, “AgroGuard” komandası III yerə layiq görülüb. Qalib komandalar pul mükafatı və təhsil vauçerləri ilə təltif olunublar.
Tədbir çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Dayanıqlı gələcək üçün yaşıl texnologiyalar" mövzusunda panel müzakirə də təşkil olunub. Müzakirədə müxtəlif yaşıl innovasiya həllərinin və texnoloji trendlərin Azərbaycan üçün əhəmiyyəti vurğulanıb. Ekspertlər, həmçinin beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi imkanları barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, “Green Hackhathon" Asiya İnkişaf Bankı (AİB), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə AİB-nin yerli texnoloji startapların inkişafına dəstək verən Texniki Yardım layihəsi çərçivəsində təşkil olunmuşdur. Texniki Yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Töhfə Səməd
tag: Müzakirə, Azərbaycan,Green Hackhathon,Asiya, Texniki Yardım, todaypress.az,