Görünməz piyada zolaqlarının yaratdığı təhlükə: “Zolaqlar keyfiyyətsiz boyalarla çəkilir” - Ekspert
Yol qəzaları əsasən yüksək sürət, məsuliyyətsizlik və yaxud da diqqətsizlik ucbatından yaşanır. Lakin nişanlanma səhvləri, piyada xətlərinin vaxtlı-vaxtında yenilənməməsi də ağır qəzalara gətirib çıxarır.
Paytaxtın bəzi yollarında piyada zolaqları tamamilə silinib, effektivliyi minimuma enib. Xüsusən də gecə vaxtı bu zolaqlar işıqqaytarıcılığını itirdiyindən sürücülər və piyadalar üçün qəza vəziyyəti yaradır.
Məsələ ilə bağlı TodayPress-ə danışan nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, zolaqların çəkilməsi üçün aşağı keyfiyyətli boyalardan istifadə olunur. Ona görə də silinmə halları tez-tez baş verir. Bu isə istər piyadalara, istərsə də sürücülərə ciddi problem yaradır:
“Silinmiş zolaq üzərində baş verən qayda pozuntusuna görə sürücü məsuliyyət daşımır. Yol hərəkəti qaydalarında da, inzibati xətalar məcəlləsinin müvafiq maddələrində də göstərilir ki, əgər uyğunsuzluq olarsa, vətəndaş məsuliyyət daşımır. Zolağın pozulması da məhz uyğunsuzluq yaradır”.
Ekspertin sözlərinə görə, bir çox ölkələrdə piyadalar üçün nəzərdə tutulan zolaqları silinməyən və işıq düşən zaman bərq vuran boyalardan istifadə etməklə çəkirlər. Bəzi ölkələrdə isə bu kimi problemlərin həlli üçün 3D formatlı piyada zolaqları tətbiq olunur. Yasin Mustafayev alternativ variant kimi zolaqların daha qalın formada çəkilməsini təklif etdi:
"Bir sıra yerlər var ki, bu xətlər daha qalın formada çəkilib. Belə ki, həmin zolaqlar yoldan 3-4 mm daha hündürdə olur. Maşın bu xətlərin üzərindən keçən zaman xüsusi səs eşidilir. Bu, sürücünü oyatmaq, xəbərdarlıq etmək üçün nəzərdə tutulub. Hündür formada, bu qalınlıqda çəkilən piyada zolaqları daha əlverişlidir. Digərlərinə nisbətən gec silinir. Zolaqlar bu üsulda çəkilsə, daha yaxşı olar”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TodayPress-ə verilən açıqlamaya əsasən yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Bildirilib ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir.
Bütün bunlara baxmayaraq həm sərnişinlər, həm də sürücülər hərəkətdəikən daima diqqətli olmalı, qaydaları pozmamalı, piyadalar yolu qadağan edilmiş yerdən keçməməli, sürücülər isə ani baş verəcək olaylara cəld reaksiya verərək qəzadan yayınmağa çalışmalıdırlar. Unutmaq lazım deyil ki, cüzi diqqətsizlik və yüksək sürət ağır xəsarətlə, ölümlə, avtomobilin sıradan çıxması ilə nəticələnə bilər.
Töhfə Səməd
tag: Piyada, Zolaq,Qayda, Avtomobil, Diqqətsizlik, todaypress.az,
