Görünən ölümə doğru gedən yol: Dərmanla arıqlamağın fəsadları - EKSPERT RƏYİ

Cəmiyyət

29.07.2024 16:18

Azərbaycan yağlı, duzlu, ləziz təamlarla zəngin mətbəxə sahibdir. Heç kim isti, xırçıldayan kərə yağı ilə yağlanmış qutabdan, şah pulovundan, dolmadan və ya küftəbozbaşdan imtina edə bilməz. Hələ paxlava, şəkərbura və ya mürəbbələri demirik. Lakin dahi şair Nizami Gəncəvinin də dediyi kimi, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. 

Odur ki, mətbəximiz nə qədər ləziz təamlarla zəngin olsa da, miqdarından artıq yemək sağlamlığımıza ciddi ziyan vura bilər. Nəticədə kilo artımı yaşanır ki, insanlar da bundan qurtulmaq üçün fərqli yollara əl atırlar. Bir gündə 5 kilo verdirən detoks suları, arıqlama kapsulu və ya çayları və s. Bütün bunlar görünən ölümə doğru gedən yoldur. Təəssüf ki, bu yolun yolçusu və könüllüsü bu gün ölkəmizdə olduqca çoxdur.

TodayPress-ə danışan psixoloq Pərvanə Baxşəliyevanın sözlərinə görə, insan arıqlamaq üçün ilk növbədə öz bədənini tanımalıdır: 

“Sən öz bədənini tanımadan, kiminsə etdiklərini təkrarlayaraq əsla arıqlaya bilməzsən. Bu sadəcə müvəqqəti nəticələr verəcək. İlk növbədə baxmaq lazımdır ki, sənin bədənin nəyi sevir, nə ziyandı, nələr sənə xeyirdir. Sonra anlamalısan ki, hər kəsin metabolizması fərqli çalışır. Səninki hansı qaydada çalışırsa, ona əsasən addım atmalısan”.

Psixoloqun fikrincə, gözəlliyi üçün yox, sırf sağlamlığı üçün çalışanlar əvvəl-axır anlayırlar ki, həmin çay və ya kapsulların bir faydası yoxdur. Beyin bu fikri qəbul etdikdən sonra başlayır sağlam formada arıqlamağa. 

Nutrisoloq-diyetoloq Lalə Rzayeva da bu fikirlə razıdır. Onun sözlərinə görə, beyin düzgün işlədikdə, seçimlər də düzgün olur. Lala Rzayeva qeyd edib ki, həddindən çox çəkiyə malik olmaq bir müddətdən sonra qara ciyərə piylənmə verir. Bunun isə fəsadları olduqca çoxdur. Lakin insanlar bütün bunları nəzərə almırlar. Arıqlamaq qərarını isə hansısa paltarı geyinə bilməyəndə və ya güzgü qarşısında özlərini bəyənməyəndə verirlər. İllərdir yığılan və artıq preslənmiş formada olan piy qatını 1-2 həftə ərzində əridib qurtulmaq istəyirlər: 

“Bir gündə 5 kilo arıqlamaq”, “Bu məhsulları bir-birinə qatıb ye, səhər durub görəcəksən ki, qarnın düpbədüzdür” kimi şüarlar sadəcə insanları aldadmaq və cəlb etmək üçündür. İndi arıqlama sahəsini əməlli-başlı bazara çeviriblər. Həqiqətən araşdıranlar və bu sahədə bilgili olanlar çox yaxşı anlayır ki, sadəcə suya limon qatmaqla 10 kilo birdən vermək olmur. Hər orqanizm eyni deyil. Həmin detoks sularını əlbəttə içmək olar, amma hər gün yox”. 

L.Rzayeva bildirib ki, arıqlama çayların, kapsulaların və ya kofelərin  fəsadlarını saymaqla bitməz. Bütün hormonal problemlər məhz həmin məhsulları qəbul etdikdən sonra başlayır.  

Qeyd edək ki, ötən il 33 nəfərin anidən ölməsi nəticəsində Britaniyada arıqlama həbləri “zəhərli maddələr” siyahısına əlavə edilib. Tədqiqatçılar hər il 23 min insanın bu kimi həblər qəbul etdikdən sonra ürək döyüntüsü, sinə ağrısı, boğulma və ya digər problemlərdən əziyyət çəkərək təcili yardıma müraciət etdiyini bildirib. Həkimlər sadəcə sağlam formada, qida rasionuna düzəlişlər edərək arıqlayıb və ya kökəlməyi tövsiyə edirlər.

Töhfə Səməd

tag: Azərbaycan, Dərmanlar, Pərvanə Baxşəliyeva,Britaniya,Həkimlər, todaypress.az,

photo
photo