FHN: Yağıntılı hava şəraiti ilə əlaqədar yaranan fəsadlar aradan qaldırılır

Cəmiyyət

16.04.2025 16:06

9

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Şamaxı, Qobustan, Siyəzən rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. 

Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 17-si uşaq olmaqla ümumilikdə 41 nəfər vətəndaş təxliyə olunub. 

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdən, o cümlədən paytaxtın Nərimanov rayonunda “Bağırov körpüsü” adlanan ərazidəki tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.

tag: FHN,Hava,Fəsadlar,Problemlər,Todaypress.az,