FHN əhaliyə müraciət etdi
Cəmiyyət
18.06.2024 11:30
Fövqəladə Hallar Nazirliyi (FHN) taxıl biçini
mövsümündə yanğın təhlükəsizliyi barədə əhaliyə müraciət edib.
Bu barədə TodayPress-ə nazirliyin mətbuat xidmətindən
məlumat verilib.
Bildirilib ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında
mühüm əhəmiyyət kəsb edir, bu baxımdan, tez alışma xassəsinə malik olan taxıl
sahələrinin yanğın təhlükəsindən qorunması Azərbaycanda ərzaq təhlükəsizliyinin
təmin olunmasının vacib şərtlərindəndir.
Yuxarıda qeyd olunanları və biçin mövsümünün ilin isti
və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə,
o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət
edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini
bildirir, bununla bağlı sadə və zəruri qaydaları bir daha xatırladır:
- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan
istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal
qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer
ayrılmalıdır!
- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret
kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab
və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;
- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan
vaxtaşırı təmizlənməlidir;
- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə
vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən
keçirilməlidir;
- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə
vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi,
texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti
qadağandır!
- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və
küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
- əkin sahələri ilə meşə sahəsi, avtomobil yolları və
dəmiryol xətləri arasında mühafizə zolağı yaradılmalıdır;
- yanğın baş
verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında
olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, su, torpaq, qalın parça
materialı və s.) yanğını söndürməyə çalışılmalı və “112” qaynar xəttinə məlumat
verilməlidir.
tag: FHN, Müraciət, Taxıl, Biçin, todaypress.az,