Fazil Mustafa: “Selektiv abort - bu, barbarlığdır”
Cəmiyyət
27.07.2024 14:15
“Ölkəmizdə abortun qadağan olunması ilə bağlı hər hansı qanunun qəbul olunması mübahisəli məsələdir. Çünki bu, birbaşa insan sağlamlığı ilə bağlıdır”.
Bunu Millət vəkili Fazil Mustafa TodayPress-in sualını cavablandırarkən bildirib.
O, selektiv abortları qadağan edən qanunun qəbul olunmasını isə zəruri hesab edib. Fazil Mustafanın fikrincə, selektiv abortun gerçəkləşməsinə razılıq verən həkim və valideynlər məsuliyyətə cəlb olunmalıdır:
“Bu barbarlığdır. Orta əsrlərin ən ağır cinayətlərindən birini bu günə qədər daşımışıq. Selektiv abortların yolverilməz olduğunu təbliğ etməli, bu məsələyə cəmiyyətin həssaslığını artırmalı və buna qarşı birgə mübarizə aparmalıyıq. Çünki bu gələcəyimiz üçün böyük təhlükədir”.
Parlamentarinin fikrincə, konkret iş planı müəyyən olunmalı, həm inzibati, həm də stimullaşdırıcı metodlardan istifadə edilməlidir. Onun fikrincə, yetişməkdə olan nəslin cinsi həyat haqqında bilgiləndirilməsinə orta məktəblərdən başlanılmalıdır:
“Bu həm insani yanaşma deyil, həm də müasir zamanda mədəni səviyyəyə sığmır. Ona görə də bu vəhşiliyə qarşı cəmiyyət olaraq hər birimiz mübarizə aparmalıyıq. Orta məktəb illərindən bu prosesin dayandırılmasına çalışmalıyıq. Müəllimlər, psixoloqlar hansısa formada şagirdləri maarifləndirməli, məlumatlandırmalıdırlar ki, uşaqlar bu mövzuda müəyyən bilgiyə sahib olub, gələcəkdə yanlışlıqlara yol verməsinlər. Bir sözlə selektiv abortların hər hansı bir şəkildə insanların taleyində neqativ rol almamasına səy göstərməliyik”.
Qeyd edək ki, 2024-cü ilin altı ayında ölkə Azərbaycanda 42 min 39 abort icra olunub. Məlumata görə, onların 16 min 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 min 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8 min 640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.
Azərbaycan eyni zamanda selektiv abortların sayına görə dünyada birinci yerdədir. Bu isə acınacaqlı olduğu qədər, həm də utancvericidir.
Günəş Mərd
tag: Fazil Mustafa, Azərbaycan, Abort,Qanun, todaypress.az,