Eyyub Hüseynov: “Ucuz ətin şorbası olmaz” - Bakıda 300-dən çox dönərxanaya xəbərdarlıq edildi
Cəmiyyət
16.08.2024 12:43
“Azərbaycanda hər cür əti satmağa icazə var. Bir şərtlə ki, məhsulun üzərində onun hansı heyvana məxsus olduğu qeyd edilsin. Dəfələrlə çağırış etmişik ki, dövlət orqanları ənənəvi olmayan ətlərin satışına qadağa qoysun. Əks təqdirdə müvafiq qanuna əsasən at, eşşək, it, pişik ətlərini rahatlıqla sata bilərik”.
Bu sözləri Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov TodayPress-ə danışarkən deyib. O, əvvəllər də ət məhsullarının satışı ilə bağlı problemlərin olduğunu dilə gətirib. Sədr bildirib ki, qiyməti 1-1.50 manat olan dönərlər şübhəsiz ki, mənşəyi bəlli olmayan ətlərdən hazırlanır. Dönərdən zəhərlənmələr isə təkcə ətlə bağlı deyil:
“Mayonezdən və ya digər inqridientlərdən də zəhərlənmə halları baş verə bilər. Bəzən biz müşahidə edirik ki, dünəndən qalmış dönərləri isidib yenidən verirlər. Bu isə olduqca təhlükəlidir. Fərqi yoxdur ki, həmin dönər soyuducuda saxlanıb, yoxsa başqa yerdə. Ətin qiyməti isə bahalaşdıqca, bazarlarda təhlükəli ətlərin sayı artır”.
Ekspertin sözlərinə görə, bəzi qurumların "xüsusi rəğbətinə" görə belə dönərxanalar hələ də fəaliyyət göstərir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nizamnaməsinə diqqət yetirsək görərik ki, orada qidanın təhlükəsizliyindən söhbət gedir, keyfiyyətindən yox. Təhlükəsiz qida isə keyfiyyətsiz ola bilər. Bu da insan ömrünü getdikcə qısaldır:
“Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkənin müxtəlif yerlərində vaxtaşırı əməliyyatlar keçirilir, paytaxta daşınan müxtəlif növ zərərli ətləri ifşa edirlər. Olduqca vacib olan bu əməliyyatlar təəssüf ki, davamlı deyil. Digər qurumlardan fərli olaraq DİN sadəcə cərimələmir, cinayət işi qaldırır və həbslər həyata keçirir. Həmin qurumun səlahiyyətlərini artırmaq lazımdır ki, onlar bu sahədə daha radikal işlər görsünlər”.
Qeyd edək ki, AQTA dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə 310 müəssisədə monitorinq keçirib. Nəticədə 1 müəssisənin vəziyyəti qənaətbəxş hesab olunub, 309-unda isə bir sıra nöqsanlar aşkar edilib. Onlardan bəzisi artıq fəaliyyətini dayandırıb, geridə qalanlara isə xəbərdarlıq edilib.
Töhfə Səməd
tag: AQTA, Eyyub Hüseynov,Ət, Zəhərlənmə, Daxili İşlər Nazirliyi, Cinayət, todaypress.az,