Əməkhaqqının ödənilməsi qaydası dəyişir
Cəmiyyət
12.06.2024 11:20
Sosial iş yerlərində
əməkhaqqının ödənilməsi qaydası dəyişir.
TodayPress xəbər verir ki,
bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif
edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sosial iş
yerlərində 6 aydan az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə
götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əmək müqaviləsi müddətinin
yarısı qədər, lakin 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşdiriləcək.
Qüvvədə olan qanuna əsasən,
sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi
ilə işə götürülmüş işçilərin əməkhaqqının bir hissəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 3 (üç) aydan az və 12 (on
iki) aydan çox olmayan müddətdə maliyyələşdirilir.
Layihəyə əsasən, sosial iş
yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük veriləcək.
Qüvvədə olan qanuna əsasən,
sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslərə, şəhid ailəsinin
üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən
artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
tag: Əmək haqqı, Sosial iş, Məşğulluq,Milli Məclis, todaypress.az,