Eldar Əzizov: “Bakı şəhəri ciddi sınaqlarla üz-üzədir”
“15–16 aprel tarixlərində paytaxta yağan güclü leysan yağışı bir daha göstərdi ki, Bakı şəhərinin kommunal infrastrukturu iqlim dəyişiklikləri qarşısında ciddi sınaqlarla üz-üzədir”.
TodayPress xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti yerli KİV-ə şərh edərkən bildirib.
O vurğulayıb ki, şəhərin bəzi hissələrində nəqliyyatın iflic olması, küçələrin su ilə dolması və kommunal xidmətlərin fəaliyyətində müşahidə olunan çətinliklər təckə təbii hadisənin nəticəsi deyil, bu, təxirəsalınmaz tədbirlərin görülməsinə işarədir.
“Sözü gedən leysan barədə əvvəlcədən xəbərdarlıq almışdıq. Lakin mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənmiş, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirmişdi. Bu isə onu göstərir ki, şəhər infrastrukturu – ilk növbədə kanalizasiya sistemi – yeni yanaşmaları zəruri edir”.
Eldar Əzizov bildirib ki, ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib.
Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb.
İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək.
tag: Eldar Əzizov, Bakı Şəhər İcra Hakimiyyəti,Açıqlama,Ciddi,Sınaq,Todaypress.az,