EKSPERT: “Oğlanlar hərbi xidmətdən yayınmaq üçün imtahan verir”
Cəmiyyət
17.02.2025 19:39
Fevralın 16-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanı keçirib. İmtahanda məntiqlə yanaşı, informatika və xarici dil üzrə suallar da yer alıb. İmtahan sonrası bir çox iştirakçılar sualların çətinliyindən şikayət ediblər. Həmçinin namizədlər sınaqlardan ingilis dilinin çıxarılması ilə bağlı təkliflər səsləndiriblər.
Təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, bu il magistraturaya ötən illə müqayisədə daha çox müraciət qeydə alınıb.
Onun sözlərinə görə, magistraturaya qəbul imtahanında şikayətlər əsasən məntiqi sualların çoxluğu ilə bağlıdır:
“İmtahandan xarici dil fənninin çıxarılması məsələsi yanlış yanaşmadır. Çünki elmi tədqiqat işlərini davam etdirib, gələcəkdə ixtisasını inkişaf etdirmək istəyən şəxslər əlbəttə ki, xarici dildə olan ədəbiyyatlara üstünlük verməlidirlər. Eyni zamanda, bəziləri ola bilsin ki, xarici ölkədə təhsil alsınlar. Bu zaman onların köməyinə ilk növbədə dil bilikləri çatacaq. Bu baxımdan düşünürəm ki, xarici dilin imtahanda olması mütləqdir. Eyni zamanda məntiqdə riyazi və məntiqi sualların sayı az olarsa, bakalavrlar sualları cavablandırarkən çətinlik çəkməzlər".
Ekspertin fikrincə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində bu kimi problemlər aradan qalxa bilər:
"Magistratura üzrə imtahanalar iki cəhddən ibarətdir. Növbəti dəfə buradakı çətinliklər düzələ bilər. Həmçinin bakalavrlar daha ciddi hazırlaşaraq nəticələrini artıra bilərlər. Hər il mövcud müraciət sayı ilə plan yeri arasında çox fərq olduğunu görürük. İldən-ilə plan yeri müəyyən qədər artırılsa da, rəqabət də onunla paralel olaraq irəliləyit. Bu da qəbul prosesini çətinləşdirir. Onu da qeyd edim ki, magistraturaya hazırlaşanlardan bəziləri qəbul olmaq xətrinə, bəziləri isə, xüsusilə də oğlanlar hərbi xidmətdən yayınmaq üçün imtahan verir. Bu doğru yanaşma deyil. Magsitratura ciddi təhsil pilləsidir. Bura daxil olmaq bir çoxunun xəyalıdır".
Türkan İsgəndərli
tag: DİM,Ali təhsil,Elçin Əfəndi,İmtahan ,Ekspert,todaypress.az,
