Əcnəbilər Marsda kaloniya salır, biz isə… 1 aydır “BakıKart”ın dərdinə dəva tapılmır
Cəmiyyət
09.09.2024 17:50
Keçən əsrin əvvəllərində Mirzə Ələkbər Sabir yazırdı: “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz...”.
Uzaqgörən şairimiz bu misraları yazarkən təkcə öz dövrünü əhatə etməyib, həm də gələcəyi düşünüb. Bugünün reallığı da elə ondan ibarətdir ki, əcnəbilər yadplanetlilərlə kommunikasiyaya keçir, biz isə hələ ictimai nəqliyyatdan düz-əməlli istifadə edə bilmirik.
1 aydır ki, “BakıKart” tətbiqi sözün əsl mənasında çöküb. Düzəlməsi isə məchuldur. Onsuz da tətbiq mövcud olduğu müddətdə yarım-yamalaq işləyirdi.
Məsələ ilə bağlı TodayPress növbəti dəfə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladı. Qurum 1 aydır ki, əzbərlədiyimiz sözləri yenidən təkrarladı:
“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.
Görünür yaranmış vəziyyət hələ bir müddət də belə davam edəcək. Eybi yox, əcnəbilər Marsda koloniya qurmağa davam etsinlər, biz isə hələlik “A” nöqtəsindən “B” nöqtəsinə getmək üçün yollar axtaraq.
Töhfə Səməd
tag: BakıKart,Tətbiq,AYNA,Nəqliyyat, Bakı,Nasazlıq,todaypress.az,