DYP piyadalara müraciət etdi
Cəmiyyət
22.09.2024 14:29
Baş Dövlət Yol
Polisi İdarəsi piyadalara müraciət edib.
İdarədən TodayPress-ə
verilən xəbərə görə, müraciətdə deyilir:
“Piyadavurma
hadisələrinin sayının azaldılması sürücülərlə yanaşı, həm də piyadalar arasında
fərdi məsuliyyət hissinin formalaşdırılmasından birbaşa asılıdır.
Yol saldığımız
həftə ərzində 6 nəfərin həyatını itirməsi, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən
9 piyadavurma hadisəsi qeydə alınıb ki, həmin hadisələrin mütləq əksəriyyəti
sutkanın qaranlıq vaxtına təsadüf edib.
Sözsüz ki, bu nəticənin
formalaşmasında yolun işıqlandırılması, yol infrastrukturun piyadalar üçün
rahat və əlçatan olması kimi amillər də rol oynayır. Lakin, yol hərəkətinin ən
müdafiəsiz iştirakçıları olan piyadaların sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli
görünmə şəraitində daha çox sürücülərin məsuliyyətinə güvənərək yolu nəzərdə
tutulmayan yerlərdən keçməsi, qəflətən yolun hərəkət hissəsinə çıxması, səki,
eləcə də piyada keçidləri olduğu halda yolun hərəkət hissəsi ilə səyahətə
üstünlük verməsi, bir sözlə öz həyat və sağlamlıqlarına qarşı aşkar biganəlik
nümayiş etdirməsi sonda acı nəticələrə gətirib çıxarır.
Baş Dövlət Yol
Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yol hərəkəti
qaydalarını həyati vacib norma olaraq qəbul etməyə və hərəkət zamanı şəxsi məsuliyyət
hissini unutmamağa çağırır!”.
tag: Baş Dövlət Yol Polisi İdarəsi,Piyada,Məsuliyyət,Sürücü,todaypress.az,