DYP bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
Cəmiyyət
29.12.2024 13:00
Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən TodayPress-ə bildirilib ki, hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava şəraiti müşahidə olunur:
"Bayramla əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.
Qeyri-iş günlərində nəqliyyat vasitələrinin sahiblərinin və sürücülərin asudə vaxtının çox olması nəzərə alınaraq, avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu və Qaradağ rayonları ərazisində yerləşən texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək.
Bununla yanaşı, nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması, həmçinin təyin olunmuş imtahanların keçirilməsi məqsədilə, Baş DYP İdarəsinin Qeydiyyat-imtahan idarəsi, eləcə də regionlarda fəaliyyət göstərən qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq xidmət göstərəcəkdir.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər asudə vaxtlarını və yaradılmış imkanları dəyərləndirərək istər texniki baxış, istərsə də qeydiyyat-imtahanla bağlı adi iş günlərdə olduğu kimi DYP-nin aidiyyəti qurumlarına müraciət edə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır!".
tag: Baş Dövlət Yol Polisi İdarəsi,Bayram,Qeyri-iş günləri,Sabunçu ,Qaradağ ,todaypress.az,