Dövlət idarələrində çalışanların sayı niyə azalır? - Millət vəkili açıqladı
Cəmiyyət
10.02.2025 11:50
“Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir. Bu Il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir”.
TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov şəxsi “Facebook” hesabında yazıb.
Deputat qeyd edib ki, muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması da diqqətdən kənar qalmır. Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sekorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb.
“Dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir” deyə parlamentari yazıb.
V.Bayramov sonda qeyd edib ki, bütövlükdə əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağırışlardandır.
Qiymət Mahir
tag: Əmək bazarı,Müqavilə,Dövlət sektoru,Vüqar Bayramov,Todaypress.az,
