Doğum səviyyəsi niyə aşağı düşür? - Millət vəkilindən ÇAĞIRIŞ

Cəmiyyət

16.04.2025 18:35

183

“Üç uşaqlı ailə modelinə keçilməsi məsələsi əslində demoqrafik vəziyyətin ağırlaşması ilə bağlıdır”.   

Milli Məclisin deputatı Fazil Mustafa bunu bu ilin yanvar-fevral ayında uşaq doğumunun tarixi minimuma düşməsi haqqında TodayPress-ə danışarkən deyib.   

Onun sözlərinə görə, hazırda real olaraq doğum sayı azalmağa başlayıb.   

“Çoxuşaqlı ailə prinsipinin tanınması baxımından belə bir rəqəm göstərilir. Çünki artıq üç uşağı olan ailələr birbaşa çoxuşaqlı sayılırlar. Belə olan təqdirdə bir sıra imkanlar yaranır ki, onlar dövlətdən müavinəti də yüksək səviyyədə alsınlar. Bu isə onları stimullaşdıracaq ki, ailə planlamasında üç uşaqdan artıq övlad layihəsinə üstünlük versinlər”.   

Deputatın fikrincə, bu kimi addımlar atılmasa, doğum səviyyəsi azalmağa davam edəcək. Çünki demoqrafik problemə hansısa formada müdaxilə edilmədikdə, vəziyyət daha da ağırlaşır.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədə 15 min 971 körpə doğulub. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən bu göstərici azalaraq 10,2-dən 9,7-yə enib.   

Ekspertlər bildirirlər ki, daha əvvəl Azərbaycanda doğum səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb.   İndiyə qədər qeydə alınmış ən aşağı doğum göstəricisi 1943-cü ildə və bir də ötən il – 2024-cü ildə olub. 1943-cü ildə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 10,2, 2024-cü ildə isə 10 təşkil edib. Ən yüksək doğum səviyyəsi isə 1960-cı ildə qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 42,6 olub. 

Töhfə Səməd

tag: Fazil Mustafa,Deputat,Azərbaycan,Demoqrafiya,Todaypress.az,