Diqqət!: Belə tikilən evlərə SƏNƏD VERİLMİR

Cəmiyyət

30.04.2025 16:35

65

Azərbaycanda son illərdə populyarlıq qazanan "A-Frame" tipli üçbucaq formalı və qeyri-adi quruluşlu evlər rəsmi sənədləşmə məsələsində bir sıra problemlərlə üzləşir. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elmar Yaqubov TodayPress-ə bildirib ki, bu tip evlərə çıxarış verilməməsinin əsas səbəbi onların daimi yaşayış üçün nəzərdə tutulmamasıdır.   

Onun sözlərinə görə, belə evlər əsasən istirahət və ya mövsümi yaşayış məqsədilə inşa olunur və adətən dağlıq və ya meşəlik ərazilərdə tikilir:

“Bu evlər çox vaxt fərdi yaşayış evi kimi deyil, bağ evi və ya köşk tipli konstruksiya kimi qiymətləndirilir. Tikinti norma və standartlarına tam cavab vermədiyi üçün rəsmi qeydiyyata alınması və çıxarış verilməsi çətinləşir”.   

Ekspert vurğulayıb ki, evlər yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili olduğu halda onun üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmır. 

Elmar Yaqubov çıxarışın verilməsi üçün tikilinin müvafiq icazələrlə tikilməsi, əsaslı konstruksiyaya malik olması və yaşayış binası statusunun daşımasının vacib olduğunu qeyd edib.   

Türkan İsgəndərli

tag: Elmar Yaqubov,Bina,Sənəd,Tİkinti,Todaypress.az,