DGK: Meymunçiçəyinə qarşı tədbirlər gücləndi
Cəmiyyət
19.08.2024 21:34
Hava limanları və digər dövlət sərhədindən
buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət
etməsinin qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK)
tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
TodayPress xəbər verir ki, bu barədə DGK-dən
verilən Ümumdünya Səhiyyə Təşkilatının məlumatları əsasında meymunçiçəyinə görə
riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə
xüsusi diqqət yetirilir.
DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən
mütəmadi olaraq dövlət sərhədindən buraxılış məntəqələrində gömrük
əməkdaşlarına xüsusi təhlükəli infeksiyalara dair maarifləndirici təlimlər
keçirilir və son dövrlərdə daha çox meymunçiçəyinin klinik əlamətləri, yoluxma
yolları və profilaktikasına xüsusi diqqət yetirilir.
Hava limanları və digər dövlət sərhədindən
buraxılış məntəqələrində hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün
mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi
baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq
səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar
Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və müvafiq
qurumlarla birgə “Azərbaycan Respublikasının gömrük-sərhəd buraxılış
məntəqələrində xüsusi təhlükəli infeksiyalara qarşı əks-epidemik tədbirlərə
dair Təlimat”a əsasən həyata keçiriləcək.
tag: Meymunçiçəyi, Virus, Azərbaycan, DNK,todaypress.az,