"Dərnəgül" elektrik deposunun tikintisində keyfiyyət prinsipləri qorunacaq

Cəmiyyət

07.04.2025 11:07

16

“Bakının nəqliyyat infrastrukturunu gücləndirmək məqsədilə icra edilən tədbirlər sırasında “28 May” stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi yer alır və artıq bu istiqamətdə işlər aparılır. “Dərnəgül” elektrik deposunun inşası qeyd etdiyim xətlərin ayrılması layihəsinin əsas hissələrindən biridir”. 

TodayPress xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. 

Onun sözlərinə görə, hazırda həm yaşıl, həm də qırmızı metro xətlərinə yalnız “Nərimanov” deposu xidmət göstərir ki, bu da tələbatı tam ödəyə bilmir. Yaşıl xəttin müstəqil fəaliyyətini təmin etmək və yeni tunelin tikintisini həyata keçirmək üçün “Dərnəgül” elektrik deposunun istismara verilməsi zəruridir. 

Sözügedən depo Binəqədi rayonunda yerləşir və ümumi sahəsi 16,5 hektar təşkil edir. Ərazidə ümumilikdə 40-dan çox obyektin inşası nəzərdə tutulub. 

Bura, təsərrüfat xarakterli əsas tikinti obyektləri kimi, 27 hissədən ibarət olan dayanma təmir korpusu, mototəsərrüfat, vaqonların əsaslı təmir sexi, yük terminalı, elektrik yarımstansiyası, layihə üzrə müvafiq su çənləri və digərləri daxildir.

Depo ərazisində ümumilikdə 5,581 metr dəmir yolu inşa ediləcək.

Xüsusilə qeyd etmək istəyirəm ki, Dərnəgül elektrik deposu həm də metro stansiyası kimi fəaliyyət göstərəcəkdir.

Belə ki, ərazidə sərnişin platforması, platformanın davamı olaraq, sərnişinlərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə mövcud yeraltı piyada keçidinə qədər hissədə yeni yeraltı piyada keçidi inşa ediləcək ki, sərnişinlər depo stansiyasında qatardan endikdən sonra yeraltı piyada keçidi vasitəsilə həm Abay Kunanbayev küçəsinə, həm də əks tərəfdən çıxa bilsinlər. 

Deponun ərazisində eyni zamanda, işçilər üçün istirahət zonaları, söhbətgahlar, idman meydançası, yaşıl parkların, avtomobil dayanacağının inşası nəzərdə tutulub.   

Məlumat üçün bildirirəm ki, inşaat işlərinin davam etdirilməsinə başlanılıb. Dərnəgül elektrik deposunun tikinti-quraşdırma işləri təsdiq edilmiş qrafik üzrə, gecikmədən, əsasən də keyfiyyət prinsiplərini qorumaq şərtilə icra ediləcəkdir”.

Töhfə Səməd 

tag: Bakı Metropoliteni,Qatar,Dərnəgül ,Stansiya,Todaypress.az,