Deputatla sosioloq üz-üzə: “Sən yerə zibil atan deyilsənsə, niyə narahatsan?” - Fikirlər haçalandı
Cəmiyyət
07.10.2024 12:20
Ətraf mühitin çirklənməsində insan faktoru böyük rol oynayır. Buna yerə atılan zibillər də əhəmiyyətli təsir göstərir. Tez-tez küçədə hansısa bir şəxsin yerə zibil atdığının, hətta maşınla gedərkən belə avtomobilin şüşəsini endirib zibili elə yolun ortasına atdığının şahidi oluruq. Belə halların qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi təklif olunub. Təkliflər bu istiqamətdə bir sıra cərimələrin kəskin şəkildə artırılmasını özündə ehtiva edir.
Bəs cərimələrin artırılması mövcud problemin həllində bizə kömək edəcək? Böyük məbləğli cərimələr insanların ictimai məsuliyyətini də böyüdə biləcək?
Millət vəkili Vüqar İsgəndərov bu barədə TodayPress-ə danışarkən bildirib ki, cərimələrin əsas xüsusiyyətlərindən biri çəkindirici olmasıdır. Deputat qeyd edib ki, bizim kiçik cərimələrlə həllinə çalışdığımız bəzi məsələlərə inkişaf etmiş ölkələrdə həddindən artıq böyük cərimələr qoyulur:
“Hazırda inkişaf etmiş ölkələrin praktikasına nəzər yetirsək, orada da cərimələrin məbləğinin olduqca çox olduğunu görərik. Bu istiqamətdə iki məsələ həll olunmalıdır: maarifləndirmə, ictimai qınaq və əsas məsələ qanunun qəbulu və sərt işləməsi. Bu prosesin sonunda qazanan cəmiyyət olur. Əgər kimsə bu gün ətrafı zibilləməyə qarşı təklif olunan cərimələrin artırılmasına qarşı çıxırsa, ondan soruşmaq lazımdır: Sən həmin o qaydanı pozan, yerə zibil atan şəxs deyilsənsə, niyə narahatsan?!”.
Onun sözlərinə görə, cərimələrin artırılması ilə paralel bu istiqamətdə təbliğatın aparılması, əsas da cəmiyyətin bu məsələyə həssas yanaşması vacibdir. Böyük məbləğlər bu gün bizə ağrılı görünsə də, onların sayəsində mövcud problem həll etmək mümkündür. Zaman ötdükcə bunun faydasını görəcəyik.
Sosiloq Üzeyir Şəfiyev isə düşünür ki, qeyd olunan məsələlər inzibati tədbirlərlə həll olunan deyil. Onun fikrincə, ailələrdə, məktəblərdə bu istiqamətdə aparılan işlər daha müsbət nəticə verə bilər, nəinki hüquqi tənzimləmə və tənbeh:
“Fikrimcə, bu işlər paralel aparılmalıdır. İnsanların maarifləndirilməsi onlarda ekoloji mədəniyyətin formalaşması, yurda sevgi aşılanmalı və insanlar hər yeri öz evi kimi bilməlidirlər. Zənnimcə, bu mənada Azərbaycanda COP29 kimi qlobal kütləvi tədbirlərin keçirilməsi cəmiyyətimizdə ekoloji tərbiyəni bir qədər də yüksəldəcək. Ekoloji mədəniyyətə, şüura müsbət təsir göstərəcək”.
Qeyd edək ki, yeni layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən zibil atılmasına görə cərimələr 30 manatdan 500 manata; məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələr fiziki şəxslər üçün 50 manatdan 300 manata, vəzifəli şəxslər üçün min manata, hüquqi şəxslər üçün 4 min manata; tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata; yollara tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə cərimələr fiziki şəxslər üçün 30 manatdan 200 manata, vəzifəli şəxslər üçün 1000 manata, hüquqi şəxslər üçünsə 4000 manata qədər qaldırılacaq.
Günəş Mərd
tag: Tullantı ,Cərimə ,Layihə ,Qanun ,Vüqar İsgəndərov ,Maarifləndirmə ,todaypress.az,