Daşkəsənə icra başçısı təyin etdirəcəyi vədini verib 20 minini aldı
Bakıda
icra başçısı olmaq istəyən şəxs aldadılıb. O, əvvəlcə başçı olmaq üçün
razılaşdırılmış 400 min manatın 20 min manatını verib. Amma sonradan
aldadıldığını başa düşüb.
TodayPress “Musavat.com”a istinadən xəbər verir ki, dələduzluqda
təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü Akif Quliyevdir. Bu, Akif Quliyevin
ilk cinayət əməli olmayıb. Quliyev daha əvvəl də dələduzluğa görə iki dəfə
məsuliyyətə cəlb edilib. Hazırda oğurluq ittihamı ilə həbsdədir.
Onun bu
dələduzluq əməli həbs ediləndən sonra üzə çıxıb.
Akif Quliyev
sonuncu cinayət əməlində - dələduzluqda Arzuman adlı tanışını Daşkəsən Rayon
İcra Hakimiyyətinə başçı təyin etdirəcəyini vəd edib. Buna görə, 400 min manat
lazım olacağını deyib. Arzuman 20 min manat verib, amma sonradan heç bir iş
görmədiyi üçün Akif Quliyevdən şikayət edib.
Məhkəmə istintaqı
zamanı Akif Quliyevin əməlini etiraf edən səs yazıları da dinlənilib və sübut
kimi qəbul edilib.
Maraqlıdır ki, 62
yaşlı Akif Quliyev daha əvvəl də cinayət əməlləri törətsə də, azadlıqda qalmağı
bacarıb. Hər dəfəsində zərəri ödəmək və barışıq əldə etməklə həbslə bağlı
olmayan cəza almağa nail olub. 2020-ci ildə isə bir nəfərdən 50 min manat
alaraq onu Dövlət Gömrük Komitəsində işə düzəldəcəkmiş. Lakin onu da aldadıb və
azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Akif Quliyev bu
dəfə də zərərçəkmiş şəxs Arzumanın pulunun 10 min manatını qaytarıb və onunla
barışıq əldə edib. Ona yenə də azadlığın məhdudlaşdırılması cəzası təyin
edilib.
Lakin digər
cinayət - oğurluq əməli törətdiyinə görə cəzaları qismən birləşdirilməklə
barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
tag: Daşkəsən, Dələduzluq,Oğurluq, Cinayət, todaypress.az,