COVİD-19-a yoluxanların sayı artdı: Koronavirus geri qayıdır? - AÇIQLAMA
Cəmiyyət
22.08.2024 11:49
“Yeni koronavirus infeksiyası vaxtaşırı dalğalanmalarla təzahür edir”.
Bunu TodayPress-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda istər qonşu, istərsə də ABŞ və Avropanın bəzi ölkələrində bunu müşahidə etmək olar. Bu ölkələrdə yayılan Omikron ştammının alt növləridir ki, onlar da sürətlə yayılmasına baxmayaraq, xəstəlik yüngül formada keçir.
“Azərbaycanda vaxtaşırı çox cüzi dalğalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemiyoloji durum qənaətbəxş hesab edilir və nəzarət altındadır. Bu infeksiyadan qorunma tədbirləri digər hava-damcı yolu ilə yayılan infeksiyalar zamanı (kəskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk qrupuna daxil olan insanların (hamilə qadınlar, immun defisitli və ya ağır xroniki xəstəliyi olanlar, ahıl şəxslər) daha ehtiyatlı olması tövsiyə olunur”.
Qeyd edək ki, son həftələrdə qonşu ölkələrdə sürətli formada COVİD-19 xəstəliyinə yoluxma halları müşahidə edilir. Rusiyada avqust ayının əvvəlindən yoluxma halları 30 faizə yaxın artıb. Eyni hal Gürcüstanda da müşahidə edilib.
Töhfə Səməd
tag: Azərbaycan,COVID19,Epidemiyoloji Durum , İnfeksiyalar, Rusiya, todaypress.az,
![photo](/uploads/news/66c6ee2396e91.jpg)