COP29 xüsusi viza portalı istifadəyə verildi
Cəmiyyət
06.09.2024 03:13
Bu ilin
11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının (UNFCCC) COP29 konfransına hazırlıq işləri çərçivəsində
ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər
qonaqların rahatlığının təmin edilməsi istiqamətində Azərbaycan hökuməti
tərəfindən bir sıra addımlar atılır.
TodayPress xəbər
verir ki, COP29 iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək
onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin edilməsi məqsədilə
COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi ilə birgə “ASAN Viza” portalının COP29-la bağlı xüsusi
viza müraciəti modulu www.evisa.gov.az/cop29, yaradılıb. Dünyanın 200-ə yaxın
ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portal
ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya
dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron,
kağız sənədsiz viza prosesini təklif edir.
Qeyd edək ki,
www.evisa.gov.az/cop29 portalı vasitəsilə COP29 xüsusi vizası əldə etmək
istəyən rəsmilər, nümayəndə heyətləri və digər qonaqların öncə UNFCCC-nin
onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçmələri tələb olunur. COP29
xüsusi vizası müraciət ərizələrinin tamamlanmasından sonra 3 iş günü ərzində
ödənişsiz şəkildə əldə edilə bilər.
COP29 xüsusi
vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı
videoçarx vasitəsilə tanış olmaq mümkündür.
tag: COP29, Visa, ASAN Viza, BMT,todaypress.az,