“Çıxarışların verilməsi qadağandır” - Sənədsiz evlərin aqibəti necə olacaq? - EKSPERTDƏN AÇIQLAMA

Cəmiyyət

30.07.2024 12:51

“Bakı və Abşeron əraziləri üzrə təxminən 500 mindən çox çıxarışı olmayan torpaq sahələri və fərdi yaşayış evləri var”.

Bu sözləri TodayPress-ə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, həmin evlərin bir hissəsi sovetlər dövründən qalıb. Yasamal, Alatava kimi yerlər var ki, onlar 100 ildən artıq bir müddətdə yaşayış məntəqələri kimi istifadə olunsa da, böyük bir hissəsinə hələ də çıxarış verilməyib. Bunun üçün alt torpaq təyinatı ilə üst torpaq təyinatı mütləq eyniləşməlidir.

“90-cı illərdən başlayaraq çıxarışsız əmlak anlayışı formalaşmağa başladı. Bölgələrdən gələn kütləvi köç nəticəsində insanlar müxtəlif ərazilərdə torpaq sahələri götürüb, evlər tikdilər. 2000-ci ildən 2007-ci ilə qədər bələdiyyələr fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayırdılar. Yəni bütün bunların hər biri qanuni formada icra edildi. Lakin həmin ərazilərdə çıxarışların verilməməsinin ən böyük səbəbi, bu torpaqların təyinatlarının başqa bir yerdə olmasıdır. Yəni bələdiyyələrə torpaq satılması səlahiyyəti verildi, amma həmin torpaqların böyük hissəsinin təyinatı dəyişdirilmədi. İndi bir çox evlərin koordinatlarını daxil etdiyimiz zaman görürük ki, torpaq başqa bir qurumun balansında, təyinatında çıxır. Ona görə də həmin tikililərə çıxarışların verilməsi mümkün deyil”.

Ekspert bildirib ki, bir sıra evlər var ki, hazırda qadağan olunmuş ərazilərdə tikilib. Yəni yüksək gərginlikli elektrik naqillərin altında, vulkanik dağların ətrafında, neft çıxarılan bölgələrdə və s. Qanunla bu ərazilərə çıxarışların verilməsi qadağandır:

“Bu ilin sonuna qədər düşünülür ki, qadağan olunmuş ərazilərdə monitorinq aparılsın. Digər ərazilərdə təyinat dəyişikliyi olunaraq, çıxarışların verilməsinə başlanılsın. Həmçinin baxılacaq ki, həmin ərazilərdə elektrik naqillərinin yerlərini dəyişmək mümkündür, yoxsa yox. Və yaxud da əgər konkret olaraq o yerlərə çıxarış verilməyəcəksə, gələcəkdə həmin ərazidəki insanlar kompensasiya qarşılığında olduqları yerdən köçürülə bilərlər”.

E.Fərzəliyev əlavə edib ki, burada ən çox itirən məhz dövlət büdcəsidir. Əgər bu torpaqların çıxarışı olarsa, avtomatik olaraq torpaq və əmlak vergisinə daxil olurlar. Bu da büdcəyə külli miqdarda gəlirin gəlməsi ilə nəticələnəcək. 

Qeyd edək ki, 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək əldə edilən və yaranan daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı"nın təsdiq edilməsi barədə ölkə başçısı fərman imzalayıb. 10 ilə yaxın müddət keçsə də, işin icrası elə sənəd üzərində də qalıb.

Töhfə Səməd

tag: Sənədsiz Evlər, Daşınmaz Əmlak, Elnur Fərzəliyev,Bələdiyyə, Çıxarış, todaypress.az,

photo