Çinlə viza rejiminin ləğvi ölkəmizə nə vəd edir? – RƏY

Cəmiyyət

23.04.2025 13:41

16

“Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək”. 

TodayPress xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook” hesabında yazıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”dan danışıb:

“İmzalanmış sənədlərdən biri də ölkələr arasında vizasız səfərlər haqdadır. Bu o deməkdir, iki ölkə vətəndaşları qarşılıqlı vizasız səfərlər edə biləcəklər. Xatırladım ki, Çin vətəndaşları bu ildən ölkəmizə vizasız gələ bilirlər. Azərbaycan ilə Çin arasında vizasız rejimə keçilməsi ölkələrin strateji və iqtisadi əlaqələrinin qarşılıqlı olaraq güclənməsinə imkan verəcək”. 

Deputat qeyd edib ki, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayı 1.9 dəfə artaraq 45.0 minə çatıb:

“Bu ilin ilk rübündə isə Çindən Azərbaycana gələnlərin sayı 1.8 dəfə artıb. Bu o deməkdir, ilk 3 ayda 9 minə yaxın Çin vətəndaşı Azərbaycana səfər edib. 2024-cü ildə Çinə səfər edən turistlərin sayı 61.0 faiz artaraq 132 milyon nəfərə çatıb. Bu haqda statista.com məlumat yayıb. Bu, Çin üçün 6.4 trilyon yuan gəlir deməkdir”.

V. Bayramov əlavə edib ki, yeni anlaşma Azərbaycandan Çinə gedənlərin sayına da təsir edəcək. Bir tərəfdən, Azərbaycan Hava Yollarının Bakı ilə Pekin arasında birbaşa uçuşlar həyata keçirməsi, digər tərəfdən vizasız rejim hər iki ölkə vətəndaşları üçün yeni imkanlar yaradacaq.

Bu baxımdan, viza anlaşması yalnız turizm sahəsində deyil, bütövlükdə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq üçün yeni imkanlar deməkdir. 

Qiymət Mahir

tag: Vüqar Bayramov,Deputat,Çin ,Azərbaycan,Viza,Todaypress.az,

photo