“Çəkicləri toplayıb ümumi məntəqəyə qoyublar” - Avtobuslardakı qəza çəkicləri niyə qeybə çəkilib? - AÇIQLAMA

Cəmiyyət

22.08.2024 12:18

İctimai nəqliyyatın funksiyalarına vətəndaşların “A” nöqtəsindən “B” nöqtəsinə təhlükəsiz formadada çatdırılması daxildir. Sözsüz ki, “təhlükəsiz” hissəsi əsas prioritetdir. Lakin bəzən elə fövqəladə hallar baş verir ki, bunu öncədən təxmin etmək qeyri-mümkündür. Necə deyərlər, olacaqla öləcəyə çarə yoxdur. 

Baş verən fövqəladə durumun qarşısını almaq və ya xəsarətləri yüngülləşdirmək üçün ictimai nəqliyyatda bir sıra vasitələr yerləşdirilib. Bunlardan biri də qəza çəkicləridir. Məlumatlandırıcı yazıda bildirilir ki, fövqəladə hal baş verərsə, vətəndaşlar bu çəkiclərdən istifadə edərək ictimai nəqliyyatın şüşəsini sındırıb, xilas ola bilərlər. Lakin bir çox avtobuslarda həmin çəkiclərin adı var, özü isə yox.

Məsələ ilə bağlı TodayPress-ə danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ilkin yardımların göstərilməsi məqsədilə ictimai nəqliyyat vasitələrində müxtəlif tədbirlər görülüb. Buraya qəza, yanğın hadisələrinin baş verməsi və yaxud da ictimai nəqliyyatın üzərinə ağac və ya digər cisimlərin aşması daxildir: 

“Qəza anlarında insanlara ən çox zərər verən elementlərdən biri də şüşələrdir. Hansı ki, onlar qəza baş verdikdə qırıla, hər hansısa bir yerinizi kəsə və ya sizi sıxa bilər. Belə fövqəladə halların qarşısını almaq üçün ictimai nəqliyyatlarda qəza çəkicləri olur. Onlar rezin materialdan hazırlanır ki, insanlara daha çox xəsarət yetirməsin. Bu çəkicləri qəza anında daha tez və rahat əldə etmək üçün onlar əsasən dayaq sütunlarına bərkidilir”. 

Ekspertin sözlərinə görə, bütün bunların nəzarəti isə dispetçer məntəqələrinə məxsusdur. Onlar nəqliyyat vasitəsinə baxış keçirir və saz vəziyyətə gətirildikdən sonra buraxılış vərəqəsi verir. Buna görə də məsuliyyəti onlar daşımalıdır:

“Görünür uzun müddətdir qəza hallarının baş verməməsi səbəbindən həmin çəkicləri toplayıb ümumi məntəqəyə qoyublar. Lakin bu, heç də məsələni həll etmir. Çəkiclər yerində və insanların xidmətində olmalıdır”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirildi ki, müntəzəm avtobus marşrutlarında qəza çəkicləri tez-tez oğurlanır. Bu hallar aşkarlandıqda, yeniləri alınır və yerinə bərpa olunur.

Qeyd edək ki, bu kimi hallara yol verən şəxsləri İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, üç ayadək inzibati həbs, yaxud 160 saatdan 240 saatadək ictimai işlər növündə tənbeh gözləyir.

Töhfə Səməd

tag: Avtobus, Çəkiclər, Qəzalar, Fövqəladə Durum, AYNA, Aslan Əsədov, todaypress.az,

photo