Çatlamış tavan, odun peçi: İlin idmançısı görün hansı şəraitdə məşq edir – REPORTAJ

Cəmiyyət

14.02.2025 16:27

“İlin idmançısı seçilmək hər bir idmançının arzusudur”. 

Bu sözləri TodayPress-ə müsahibəsində ölkəmizi Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edən, kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü və ilin qadın idmançılarından seçilən Yaylagül Ramazanova bildirib.

İdmançımızın sözlərinə görə, bu onun üçün də gözlənilməz sürpriz olub. Y.Ramazanova oxatmaya bir qədər gec, 20 yaşında başlayıb. Müsahibim hesab edir ki, bu idman növündə yaşın o qədər də önəmi yoxdur. Söhbət əsnasında o, bizə Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakından da söz açdı: 

“Ümumilikdə Olimpiada lisenziyası qazanmaq idmançılar üçün uğurun zirvəsidir. Bu, mənim də arzum idi. Neçə illər idi ki, lisenziya alıb Olimpiadada iştirak etməyi arzulamışam. Nəhayət, bu arzum 2024-cü ildə reallaşdı. Neçə illərdir ki, bu işlə məşğul olduğuma görə, hər idmançı kimi, mən də bayrağımızı qaldırmaq istəyirdim. Məni ən çox ruhlandıran bu idi”. 

Ölkəmizdə qızların oğlanlara nisbətən oxatmaya marağının çox olduğunu bildirən Y.Ramazanova vurğuladı ki, bu idman növündə ilk növbədə səbir və güc lazımdır:   

“Bunlar olsa, təbii ki, işin öhdəsindən ustalıqla gələcəksən. Ümumilikdə isə ölkəmizdə qızların idmana marağı azdır. Bu bir tərəfdən məktəblərdə idmanın az tədris olunması ilə bağlıdır. Zalların yoxluğu da prosesə təsir göstərir. Bildiyim qədərilə qızların cüdoya, güləşə marağı daha çoxdur. Bu yəqin ki, onlarda zalların şəraitinin yaxşı olması ilə bağlıdır. Bizə də söz veriblər. İnşallah, yeni zalla təmin edəcəklər”.     

Yaylagül Ramazanova ilə söhbətdən sonra 4 ildir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasında məşqçi kimi fəaliyyət göstərən Fuad Allahverdiyev ilə də həmsöhbət olmağa müvəffəq olduq. O, bizə zaldakı məşq prosesindən danışdı. Bildirdi ki, zalda məşqlər gündə bir dəfə olur:

“Gün ərzində 200-180 arası ox atılır. Amma təlim-məşq toplanışlarında gün ərzində 400-450, hətta 500 ox atılır. Oxatmada iş təkcə oxu atmaqla bitmir. Burada fiziki məşğuliyyət də önəm daşıyır. Oxatmada ən çox tələb olunan xüsusiyyət səbrdir. Nə qədər çox səbrin, iradən olsa, o qədər yaxşı oxatan ola bilərsən”. 

Uğurun sirrindən söz açan Fuad Allahverdiyev bildirib ki, burada əsas yol məqsəd və əzmdən keçir. Məqsədin olmalıdır və o məqsəd üzərində əzmlə çalışmalısan.

Müsahibə əsnasında ox atma zalındakı şəraitsizlik də gözümüzdən qaçmadı. Nizami rayonu, Bəkir Çobanzadə 14 ünvanında yerləşən zalın divarları sökülüb-tökülür, məkanı isitmək üçün hələ də odun peçindən istifadə olunur. Ox atma dərslərinə gələnlər ,eləcə də, müəllim heyyəti divarların çatlamasından narahatdırlar. Tavanda yaranan çatlar bir anlıq insanı vahiməyə salır. Məkandakı zəif işıqlandırma isə oxu hər an hədəfindən yayındıra bilər.  Ümid edirik ki, bu məsələ diqqətdə saxlanılacaq və tezliklə idmançılar üçün buradakı şərait yaxşılaşdırılacaq.   

Günəş Mərd

tag: Yaylagül Ramazanova,Oxatma,Paris-2024 ,Yay Olimpiya Oyunları,Müsahibə,Todaypress.az,

photo
photo
photo
photo
photo