Çanaq antenalarını quraşdırmaq olmaz: Vətəndaş niyə hər ay əlavə ödəniş etməlidir?

Cəmiyyət

09.10.2024 14:50

Əvvəllər ölkədə və ya xaricdə baş verən ən mühüm hadisələri, siyasi məsələləri öyrənmək və xəbərdar olmaq üçün TV qarşısında axşam buraxılışlarını izləmək məcburiyyətində idiksə, indi buna gərək yoxdur. Texnologiyanın inkişafı ənənəvi mediayaya, yəni televiziyalara marağı azaldıb. Amma buna baxmayaraq əhalinin müəyyən təbəqəsi hələ də TV-lərə baxmağa üstünlük verir. Lakin bu onlara heç də asan başa gəlmir. Belə ki, bir çox binalarda çanaq antenalarının quraşdırılmasına icazə verilmir. Əvəzində isə tarifləri 10-15 manatdan başlayan kabel və sifarişli paketlərdən istifadə olunması tövsiyə edilir. Bu isə əhali arasında narazılıqla qarşılanır.

Məsələ ilə bağlı TodayPress-ə danışan “Uniprice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, şəhərsalma qaydalarına əsasən, binanın fasadının korlanmasına icazə verilmir. Bəzi Mənzil-Tikinti Kooperativləri (MTK) binanın görünüşünə xələl gətirilməməsi üçün nəinki yeni, hətta üzlük daşı vurulan bəzi köhnə binalarda da çöl hissəyə əlavə bir vasitənin quraşdırılmasına qadağa qoyurlar. Fasadın korlanması ilə yanaşı, quraşdırılan antenalar və digər vasitələr təhlükəsizliyi təhdid edir. Belə olduğu halda cərimələrin tətbiq olunması da məqsədəuyğundur:

“Lakin əgər şəxs ödənişli kabel televiziyalarından istifadə etmək istəmirsə və öz vəsaiti hesabına antena quraşdırmağa razıdırsa, bu zaman fasada ziyan vurmamaq şərtilə, dam örtüyündə və ya balkon yerində bunu həyata keçirə bilər. Belə olduqda heç bir qadağa tətbiq olunmur. Biz buna nümunə kimi köhnə tikili binaları göstərə bilərik. Həmin yaşayış yerlərinin dam örtüklərində təhlükəsizliyi tam təmin etməklə antenalar quraşdırılıb. Lakin kabelin gətirilməsi, uzadılması və s. məsələlər yüksək miqdarda xərc tələb etdiyindən bir çox vətəndaşlar bunu etmirlər”. 

Ekspertin sözlərinə görə, bəzi MTK-larda ümumi çanaq antenaları quraşdırılır ki, həmin qurğudan istifadə edərək vətəndaşlar rahatlıqla teleziviziyaya baxa bilərlər. Bundan başqa, bir sıra xüsusi aparatlardan istifadə edərək də birbaşa qoşulmaq mümkündür. Ramil Qasımzadənin fikrincə, şəhərin ümumi görüntüsü üçün bütün bunlar müsbət addımdır. 

Töhfə Səməd

tag: TV ,Əhali ,Antenalar, Cərimələr ,Ramil Qasımzadə ,Mənzil ,todaypress.az,

photo